Bakı Hərbi Məhkəməsində qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Şakir Qonaqov ifadə verib.
Demokrat.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən Xaçatryanı tanımayıb.
Onun sözlərinə görə, 1991-ci ildə qardaşı Musa Qonaqov Meşəli kəndində həlak olub. O deyib ki, qardaşı həmin dövrdə könüllülər batalyonuna xidmət edib:
"Qardaşım dekabrın 23-də şəhid olub və kəndə gətirilib. Qardaşım sona kimi döyüşüb. Sonuncu güllələrini özünə vurub. Ermənilər qardaşımın cəsədin gülləyiblər. Bu şəxsə ölüm cəzası istəyirəm".
Digər zərərçəkmiş Roza Qasımova bildirib ki, Vaqif Xaçatryanı tanımayıb:
"Həmin dövrdə mənim 25 yaşım var idi. Həmin dövrə qayıtmaq istəmirəm. Danışmaq bizim üçün çətindir. Anamı öldürdülər. Kənddə basdırmadıq. Laçının kəndində basdırdıq, yası da başqa verdik. Qadına, yaşılya rəhimləri gəlmədilər. Ağır cəza verilməsini istəyirik. Atam Ənvər, anam Nübar şəhid oldu. Anam deyirdi ki, kəndin kənarında işıq gəlir, bunlar kəndi mühasirəyə alırdılar. Beləsinə ölüm cəzası verilməlidir".
Zərərçəkmiş Mahmudov bildirib ki, mülki müdafiə komandasında rəis müavini olub:
"Həmin dövrdə bizdə salah qalmamışdı, bizdən silahı yığmışdılar. Bunların məqsədi o idi ki, Meşəli kəndində heç kim sağ çıxmasın. Çox dəhşətli hadisədir. Kəndi mühasirəyə almalarını oğlum mənə dedi. Arvadıma, uşaqlara dedim ki, çıxın. Onlar mənə dedilər ki, sənsiz verməyəcəyik. Dedim ki, məndən qorxmayın, mən də silah var. Sonra anam və digər ailə üzvlərim çıxdılar. Artıq ermənilər plamiyotları qurmuşdular. Atəş zamanı anam şəhid oldu. Daha sonra Xocalıdan, Kosalardan kömək gəldi. Bizi xilas etdilər. Həmin dövrdə kçnd sakinləri deyirdilər ki, Vaqif də hücum edənlər arasında idi, amma mən görməmişdim".
Vaqif Xaçatryan deyib ki, həmin hadisələr zamanı kənddə olmayıb. Zərərçəkmiş isə "əgər olmasaydın, adın hallanması" deyə cavab verib.
Zərərçəkmiş qeyd edib ki, 80 yaşlı anasını qətlə yetiriblər, bunu bağışlamaq olmaz.
Daha sonra ifadə verən Sabir Hacıyev deyib ki, Vaqif Xaçatryanı tanıyıb:
"Mən xəstə apardım. Ramin Kazımovla birlikdə idik. Vaqif qarşımıza çıxdı. Ramin onu tanıdı. Biz çıxdıq getdik. Geri qayıdanda qarşımıza çıxdılar. Dedim ki, bunlar bizi girov götürəcəklər. Maşında qadın da var idi. Biz bir qədər gedəndən sonra maşını vurdular. Ramin ayağında yaralandı. Biz irəli getdik, orada post var idi. Sonra yaralını xəstəxanaya apardıq. Sonradan eşitdim ki, maşına atəş açan Vaqif idi".
Meşəli hadisəsindən danışan zərərçəkmiş deyib ki, yaşlı qadını gözlərini qabağında başından vurulub, sonra da kəndi dayanmadan atəşə tutublar.
Onun sözlərinə görə, Meşəlidə də, Xocalıda da Vaqif Xaçatryan iştirak edib, onun əli qana batıb.
O bildirib ki, günahsız insanların qanı yerdə qalmasın, Vaqif Xaçatryana ən ağır cəza verilsin.
Zərərçəkmiş Ramin Sadıqov deyib ki, silahı dəstə üzvləri əvvəlcə onun nənəsini, sonra babasını gülləyiblər. Həmin dövrdə azyaşlı olduğunu bildirən zərərçəkmiş bildirib ki, ermənilər onu "Niva"ya mindiriblər və bağ evinə aparıblar:
"Bir ay ermənilərdə qalıb. Mən uşaq idim, heç nə başa düşmürdüm. Sonra Əsgərnada məni üç erməni ilə dəyişdiriblər. Əvvəlcə mənim öldüyünü bilirdilər. Çünki nənəmi və babamı öldürəndə evi yandırmışdılar. İki gün Baxar kəndində qaldım, sonra məni Xankəndiyə apardılar. 26 gün girovluqda qalmışam. Həmin vaxt mənim 10 yaşım var idi".
Zərərçəkmiş Rəhilə Mehrəliyeva deyib ki, Vaqif Xaçatryanı tanımayıb, onu atası tanıyıb:
"Süfrənizdə çörək yedilər, başımıza bu oyunları açdılar. Vaqif atamı yaxşı tanıyar. Hamı tankla gedirdi, atam öz maşını ilə gəlirdi. Atam bunların heç birindən qorxurdu. Bunlar qorxaq idilər, xarici havadarları hesabına bu müsübıtləri gətirdilər bizim başımıza. Gəncliyimi əlimdən aldılar".
Zərərçəkmiş deyib ki, Meşəlidə ermənilər onlara elektrik verməyiblər, öz torpaqlarında girov kimi yaşayıblar:
"Özümü qorumaq üçün duz qanını əlimdə saxladım ki, erməni gələndə gözünə duz atın, bizi görməsinlər. Ailə də 20 şəhidimiz var. Rəhmətlik nənəm deyirdi ki, ermənilər düşməndir, kafirdilər".
Zərərçəkmiş bildirib ki, həmin hadisələr dövrdə 1 yaşlı oğlu Amin qızdırma içində olub. Onun sözlərinə görə, hadisədən əvvəl evinə basqın ediblər:
"Evi axtardılar. Sonra getdilər. Kəndi mühasirədə saxladılar. Hadisə zamanı uşağın xırıldadığını eşitdim. Baxdım ki, uşağım ölüb, mənim xəbərim yoxdur. Ən ağır cəza verilməsini istəyirəm".
Zərərçəkmiş Baraq Novruzov bildirib ki, onu girov götürüblər, Qürben deyilən xain qardaşının məzarının yanında başını kəsmək istəyiblər:
"Dekabrın 23-də müdafiə postunda olublar. Milli Qəhrəman Hidayət Rüstəmov da yanımızda idi. Biz 3-5 dəqiqə yatmışdıq ki, atəş səsləri gəldi. Bizə aman vermirdilər. Biz onlarla danışdıq ki, yol verin, uşaqlar qadınlar çıxsın, biz sizə təslim olaq. Bacım evdən çıxan kimi güllələdilər. Elmira adlı qadını da vurdular. O ağır yaralanmışdı. Səsgücləndirici ilə qışqıra qışqıra yaxınlaşırdllar. Məqsədə sağ çıxmağa bizə imkan vermirdilər. Bir kəndin baş tərəfindən yol var idi, oranı da tuta bilməmişidlər. Amma biz ora tərəf gedə bilmədik. Hidayət Rüstəmov yenə də danışmağa başladı. Bizi kəndin ortasına qədər apardılar. Balaca bacım məni qoyub getmək istəmirdi. Sonra atamı da vurdular. Atam dedi ki, mən öldüm, yerə yıxıldı. Atamın gözünü örtdüm. Hər tərəfdən bizə atəş açırdılar. Mən danışdım ki, yol verin,uşaqlar, yaşlı insanlar çıxardın. Balaca bacım sinəsindən vurdular. Mən cavab atəşi açırdım ki, insanlar xilas olsun. Evə qranat atdılar. Yenə də evə girə bilmirdilər. Artıq mənim patronlar qurtarmışdı. Evi yandırdılar. Artıq Hidayət də vurulmuşdu. Atamın meyitini çıxarmaq istəmirdim.
Bilirdim ki, atamın başını kəsəcəklər və aparacaqlar. çünki atamın başına pul qoymuşdular. Mən isə özümü müdafiə edirdim ki, bəlkə kömək gələcək. Mən evin yandığını gördüm, çölə çıxdım. Məni vurmaq istəyirdilər, evimizdə çörək yeyən Ərmayis dedi ki, onu vurmayın, bilirsiz o kimin oğludur. Məni tutdular və dedilər ki, Rübenu sən öldürübsən? Dedim ki, mən öldürməmişəm.
Dedilər ki, sən öldürməyibsən, atan öldürüb. Sonra məni də götürərək apardılar. Orada deyirlər ki, bu kimdir. Dedilər ki, bu lazımdır, Qürbenin məzarında başımı kəsəcəkdilər. Orada mənim ayağımı kəndirlə bağlayacaqdılar. Əllərindən çıxdım və qayadan özümü atdım. Çayın kənarı ilə getdim ki, məni görməsinlər. Amma yolda məni gördülər, atəşə tutdular. Sonra məni yaxaladılar".
Zərərçəkmiş qeyd edib ki, Vaqif Xaçatryan özünü müdafiə edir, insanlığa sığmayan cinayətlər törədiblər. Qeyd edib ki, onların ailəsindən 5 nəfər şəhid olub.
Fariz Məlikli Demokrat.az


