Gündəm Özəl

Çingiz Qənizadə: “Əsir və itkin düşmüş vətəndaşlarla bağlı məlumat bazasının yaradılmasına ehtiyac var”

Çingiz Qənizadə: “Əsir və itkin düşmüş vətəndaşlarla bağlı məlumat bazasının yaradılmasına ehtiyac var”

Azərbaycanda itkin düşmüş və əsir götürülmüş şəxslərlə bağlı məlumat bazası yaradıla bilər.

Demokrat.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Məhkəmə-tibbi ekspertiza məsələləri üzrə koordinatoru Elif Günçe Eskiköy məlumat verib.

O qeyd edib ki, hazırda bu barədə ortaq işlər görülür:

“Azərbaycanda müvafiq qurumların bəzi datalara əlçatanlığı azdır. Buna görə də hazırda həm bizim qurum, həm də Azərbaycan hökuməti ortaq bir bazanın yaradılması üçün işlər görür".

Demokratiya və insan hüquqları komitəsinin sədri Çingiz Qənizadə bu təşəbbüsü müsbət dəyərləndirib.

O, Demokrat.az-a açıqlamasında deyib ki, hələ torpaqlarımız işğal altında olan zaman əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı məlumatların əldə edilməsi və beynəlxalq təşkilatlarda yayılması, eyni zamanda onların ailə üzvləri və yaxınları ilə mütəmadi əlaqə saxlanılması istiqamətində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası uğurlu addımlar atıb:

“Beynəlxalq Qızıl Xaç Komitəsinin əsir və itkin düşmüş, girov götürlmüş şəxslərin məlumatlarının istifadəsi məqsədilə ortaq data bazasının yaradılması təşəbbüsünü bəyənirəm. Əgər indiyədək belə bir baza yaradılmayıbsa və həmin məlumatlar müvafiq qurumlar üçün əlçatan deyilsə, mütləq belə bir bazanın yaradılmasına ehtiyac var. Və ya mövcud məlumat bazasının genişləndirilməsi və ona əlçatanlığın təmin olunması məsələlərinə diqqət yetirmək olar.

Hesab edirəm ki, beynəlxalq təşkilatın bu təklifi ümumilikdə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı olduğu üçün Dövlət Komissiyası bu məsələyə ciddi yanaşacaq və təkliflər üzərində işləyəcək”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az