2003-cü ildən başlayaraq, Azərbaycanda İlham Əliyevin hakimiyyətə gəlişi və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq, xarici siyasətdə yürütdüyü təmkinli və strateji hədəflərə fokslanmış siyasətinin nəticəsini 20 il sonra hamımız gördük. Bir zamanlar xəyal etdiyimiz, bu günkü real mənzərəni təsəvvür etmədiyimiz gerçəkliklərə əslində çox çətin, ağır prosseslərdən keçib gəlmişik. Ötən bu illər ərzində ölkəmizə qarşı fəaliyyət göstərən ölkələrin, beynəlxalq təşkilatların bir çoxu sonda loyal münasibətilə, dost və strateji tərəfdaş ölkələrə çevrildilər.
Prezident İlham Əliyevin Azərbaycanda dövlət quruculuğu ilə yanaşı, beynəlxalq aləmlə ikitərəfli və qarşılıqlı etimada söykənən strateji münasibətlərə üstünlük verməsi, ölkəmizi bölgənin liderinə, dünyada isə söz sahibi ölkəyə çevirdi.
Bu siyasətin nəticəsidir ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasət milli maraqlarımızın qorunmasına, bir ölkə olaraq, mövqelərimizin daha da güclənməsinə xidmət edir. Bu isə beynəlxalq münasibətlərdə təhdidlərə qarşı ən yaxşı qorunma üsuludur.
Prezident İlham Əliyevin hakimiyyəti illərində İslam Əməkdaşlıq Təşkilatı Ölkələri, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərakatı Ölkələri, Türk Dövlətləri Təşkilatları kimi birliklərdə ölkəmiz yalnız təmsil olunmayıb, bu qurumlarda ciddi potensiala malik ölkə, əsas təşəbbüskarlardan biri olaraq həmişə diqqət mərkəzində olub.
Təbii ki, burada ölkəmizin artan siyasi-iqtisadi, hərbi gücü ilə yanaşı Prezident İlham Əliyevin liderlik xüsusiyyətləri, tələbkarlığı, qərarlılığı və siyasi fəhmi də çox böyük rol oynayıb. İlham Əliyev dəfələrlə sübut edib ki, siyasətdə fərdin davranışları, səmimiyyəti, qərarlılığı və dostlarla dar gündə bir yerdə olmağı çox şeyi həll edir.
Bu baxımdan yanaşsaq, deyə bilərik ki, əslində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (Rusiya, Ermənistan, Qazaxstan, Qırğızstan, Tacikstan, Özbəkistan) Ermənistanla bir hərbi blokda təmsil olunsalar da, bu dövlətlərin hər biri ayrı-ayrılıqda Azərbaycanın əsl dostuna, strateji tərəfdaşına çevrildilər.
Nəticədə, 2020-ci ildə baş verən 44 günlük müharibədə bu təşkilatın üzvü olan heç bir dövlət Ermənistanla əməkdaşlığa və dəstəyə cəhd etmədilər. Əksinə, bu dövlətlərin əksəriyyəti Azərbaycanın haqlı mövqeyinə müxtəlif formada haqq qazandırdılar.
Prezidenti İlham Əliyevin son 20 illik fəaliyyəti dövründə eneji layihələri uzunmüddətli milli maraqlarımızın qarantı kimi Avropa ölkələrində anlaşılmağa başlandı. Bir zamanlar erməni lobbilərinin və diaspor təşkilatlarının təsiri altında olan aparıcı Avropa dövlətlərinin liderləri İlham Əliyevin qarşısında olmağı deyil, daha çox yanında olmağı tərcih etdilər. Bu gün biz artıq sözdə “erməni soyqırımı” yalanları ilə gündəmdə qalmağa çalışan siyasətçiləri, senatorları çox az duya bilirik. Çünki, bu məddah siyasətçilərin böyük əksəriyyəti İlham Əliyevin regionda yeni yaratmış olduğu siyasi gerçəkliklərlə üzləşməli olublar. Reallığı görmək istəməyən qüvvələr Azərbaycanın dostlarının yanında çox aciz qalırlar.
Prezident kimi İlham Əliyevin ümumtürk birliyinin möhkəmləndirilməsini ölkəmizin xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirməsi və buna sadiqliyi ölkəmizi həm də Türk Dünyasında əsas lider ölkələrdən birinə çevirdi. 2009-cu il Türk birliyi yolunda mühüm addımlar atıldı, türk birliyinin reallaşdığı il oldu. Türkdilli Ölkələrin Parlament Assambleyası Bakıda keçirilməklə qanunverici orqanda birlik-bərabərlik sağlandı və Assambleyanın baş katibliyi Bakıda yerləşdirildi. Elə həmən ildən də başlayaraq, Türk dövlətlərinin birlik və bərabərliyində mühüm addımlar atıldı.
Ötən son on il ərzində Türk Dünyasının birlik və bərabərliyində çox mühüm mərhələ adlandıra bilərik. Bu illər ərzində Azərbaycan qardaş Türk dövlətləri ilə ikitərəfli strateji əməkdaşlıq quraraq, bu gün təkcə regionda deyil, dünyada söz sahibi ölkələrə çevriliblər. 2020-ci ildə Qarabağda qazanılan zəfərlə Türk dünyasının önündəki əngəllər də aradan qaldırılmışdı. Bir vaxtlar ermənilərin xaraba qoyduğu ərazilər abad olunur, qardaş Türk dövlətləri bu ərazilərdə məktəblər, muzeylər tikirlər. Bu bir qardaşlıq nümunəsi olmaqla yanaşı, həm də birlik və bərabərliyimizin əsas göstəricisidir. 2021-ci ildə Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladıqları Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasında bağlanmış bütün strateji tarixi müqavilələri bir daha xatırlatmaqla, imzalanmış bu müqavilələrə, o cümlədən 100 il əvvəl bağlanmış Qars müqaviləsinə sadiqliyin bir daha təsdiqi kimi anlaşılmalıdır. Bu bəyannamə eyni zamanda dövlətimizin və xalqımızın güvənli bir şəkildə yaşaması üçün əsas qarantlardan biridir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin daha geniş coğrafi arealda genişləndirilməsinə çalışmaqla, bütövlükdə türk dünyasının qəbul etdiyi, hesablaşdığı, rəğbət bəslədiyi əsas liderlərdən biridir. Onun bir lider kimi bu əzmkar fəaliyyəti bütövlükdə Türk xalqlarının dünya siyasətindəki tarixi yerini, beynəlxalq proseslərə təsir imkanlarını və nüfuzunu təmin etməyə hesablanıb. Bu olduqca məsuliyyətli və əzmkar bir missiyadır. Bu İlham Əliyevin missiyasıdır.
Rəhbəri olduğum Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də Prezident İlham Əliyevin bu tarixi missiyasında daima ona dəstək olmağa çalır, Türk xalqları arasında hərtərəfli inteqrasiyanın təmin olunmasına, habelə iqtisadi-siyasi və mədəni əməkdaşlığın dərinləşməsinə çalışır.
Təşkilat türk dövlətlərinin siyasi, mənəvi və mədəni birliyinə xidmət edən müxtəlif səmərəli təşəbbüslərlə çıxış edir, mühüm tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlər keçirir. İctimai birliyin fəaliyyəti eyni zamanda, türkçülük ideyalarının bəşəriyyətin xilasına xidmət etdiyini, türkdilli dövlətlərin regionda yalnız sülh, iqtisadi tərəqqi və inkişaf, habelə demokratik idealların təntənəsi naminə birləşmək niyyətini nümayiş etdirməyə yönəlmişdir.
İlham İSMAYILOV, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri


