“Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi süni xarakter daşıyır”.
Demokrat.az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, Rusiya Ermənistan vasitəsilə NATO, ABŞ və Aİ ölkələrinin Cənubi Qafqazda maraqlarını təşviq etmək cəhdlərini qeydə alır.
“Son illər Ermənistanda yaradılan qeyri-hökumət təşkilatları Ermənistan və Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə yaradılmır. Onlar anti-Rusiya əhval-ruhiyyəsi üçün zəmin yaratmağa və Ermənistan vasitəsilə NATO-nun regionda maraqlarının təşviqinə istiqamətləniblər ”, - deyə Lavrov bildirib.
Ermənistan-Rusiya münasibətlərinə Qərbin təsirini şərh edən politoloq Tofiq Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, qeyri-hökumət təşkilatlarının məqsədi Qərb məfkurəsini Ermənistanda oturtmaq və onu Rusiya və MDB məkanından uzaqlaşdırmaqdır:
“Əsas qayə Rusiyanın bazalarını, təsir vasitələrini oradan çıxarmaq və Cənubi Qafqazda özlərinə etibarlı dayaqlar yaratmaqdır. Nikol Paşinyan artıq Rusiyaya, MDB-yə, KTMT-yə qarşı demarşlar edir. Bunlar bir mənbədən idarə olunan məsələlərdir. Ermənistan hakimiyyətinin Rusiyadan uzaqlaşıb, Qərblə yaxınlaşmaq siyasəti nə dərəcədə özünü doğruldacaq, bu, erməni xalqına nə verəcək – sonrakı məsələlərdir. Hazırda isə Ermənistan suverenliyi son dərəcə kövrək, daxili sistemi zəif, iqtisadiyyatı laxlayan, xalqı isə psixoloji cəhətdən sağlam durumda olmayan bir ölkədir. Dünya birliyində gözləntilər var ki, Ermənistan hətta öz suverenliyini əldən verə bilər. Buna da ölkənin siyasi zümrəsi cavabdehdir. Hələki, bir konstruktiv mövqe sərgiləyə bilmirlər”.
Törə Zeynallı Demokrat.az


