Şimali Kipr Türk Respublikasının rəhbər heyəti prezident Ersin Tatar başda olmaqla Azərbaycana səfər edəcək.
Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, səfər 12-14 oktyabr tarixlərində baş tutacaq.
Səfər çəriçivəsində Bakıda Şimali Kipr Türk Respublikası günləri keçiriləcək.
Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov Demokrat.az-a açıqlamasında deyib ki, Şimali Kipr Türk Respublikası Azərbaycan xalqına və dövlətinə böyük sevgisi olan bir türk ocağıdır:
“Tarix boyu Kipr türklərinə qarşı yunanlar tərəfindən əzab-əziyyət, soyqırımı, deportasiya siyasəti həyata keçirilib. 1974-cü ildə Türkiyə Cümhuriyyətinin köməyi ilə Şimali Kipr Türk Respublikası quruldu. Orada olan bir ziyalı kimi şahid olduqlarımdan dəhşətə gəlmişəm. Demək olar ki, bütün Şimali Kipr ərazisində yunanlar tərəfindən törədilən soyqırım izlərinə rast gəlmək olar. Həmin yerlər muzeyə çevrilib. Bu hadisələr Azərbaycanla Şimali Kipri bir-birinə bağlayır. Onların yunanlardan gördüyü terroru biz də ermənilərdən görmüşük.
Artıq Şimali Kiprin müstəqilliyini tanımağın vaxtı çatıb. Azərbaycan Şimali Kiprə səmimi münasibət bəsləyir, hətta bir müddət öncə dövlət başçısı birbaşa reyslə oraya səfər etdi. Türk dövlətləri arasında artan münasibətlər bütün türk dünyasının xeyrinədir”.
Törə Zeynallı Demokrat.az


