Bir neçə gündür ölkə ərazisində qeyri-sabit hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağıntılı və küləkli hava şəraiti oktyabrın 12-si gündüzədək davam edəcək.
Küləkli havalarda səhhətimizə diqqət etdiyimiz kimi təhlükəsizlik qaydalarına da riayət etməliyik. Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında belə havalarda bilməli olduğumuz vacib məqamları bölüşüb:
“Əlverişsiz hava şəraitində bütün iş müəssisələrində xüsusi rejimə keçilməlidir, xüsusən də açıq havada gedən işlərdə, tikinti sahəsində. Aşma təhlükəsi olan əşyalar, avadanlıqlar və qurğuların təhlükəsizliyi təmin olunmalıdır.
Həmçinin tullantılar, kimyəvi maddələr təhlükəsiz yerlərə qoyulmalıdır. Açıq havada inşaat işləri müvəqqəti dayandırılmalı, işçilər qapalı ərazilərə keçirilməlidir. Bəzən xəbərlərdə eşidirik ki, yuxarıdan hansısa əşya və ya inşaat materialları düşür, yoldan keçən adam xəsarət alır. Bunun baş verməməsi üçün hündürdə yerləşən avadanlıqları möhkəmlətmək, tikinti gedən ərazilərdə qoruyucu sipər və torlardan istifadə edilməlidir. Təhlükəli vəziyyətlə üzləşən vətəndaşlar aidiyyəti orqanlara məlumat verməlidirlər”.
Törə Zeynallı Demokrat.az


