Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının daha iki müşahidə məntəqəsi bağlanıb.
Demokrat.az Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bununla bölgədə fəaliyyəti dayandırılan məntəqələrin sayı doqquz olub.
Politoloq Natiq Mirinin fikrincə, bu, Rusiya Sülhməramlı Kontingentinin missiyasının başa çatdığının bilavasitə təzahürüdür.
O, Demokrat.az-a açıqlamasında deyib ki, sülhməramlılar Qarabağda atəşkəsi təmin etmək üçün mövcud idi:

“Erməni silahlı birləşmələri artıq tərki-silah olunub və bölgədən çıxarılıb. Əgər atəşkəsi təmin etmək missiyası ilə bağlı ortada hər hansı fəaliyyət yoxdursa, demək, sülhməramlıların da Qarabağda varlığına ehtiyac yoxdur. Bundan sonrakı proses Azərbaycan dövlətinin daxili işidir. Tədricən ermənilərin yaşadığı bölgələrdə bütün sahələr Azərbayan dövlətinin hüquq sisteminə inteqrasiya etməyə başlayıb. Tibb, sosial müdafiə sahələrində, infrastrukturun yenidən qurulması istiqamətində dövlət konkret plan ortaya qoyub.
Düşünürəm ki, çox keçmədən Azərbaycanın idarəetmə forması Qarabağda ermənilərin yaşadığı bütün ərazilərdə, eləcə də Xankəndində bərpa olunacaq. Hesab edirəm ki, Rusiya hərbi kontingentinin əlini sıxıb, yola salmağın vaxtı çatıb. Rusiya dövləti də buna etiraz etməz”.
Törə Zeynallı Demokrat.az


