İspaniyanın Qranada şəhərində keçirilən görüşdə Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqı Ermənistandan qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıtmaq üçün bərabər və legitim hüquqlarını tanımaqdan imtina edib.
Demokrat.az xəbər verir ki, Qərbi Azərbaycan İcması bunu ayrı-seçkilik adlandırıb və tərəflərin verdiyi bəyanatın regionda gərginliyi daha da artırdığını, davamlı sülh və barışığın əldə edilməsinə mane olduğunu bildirib.
"Biz Ermənistan, Aİ, Fransa və Almaniyanı öz mövqelərinə yenidən baxmağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarını tanımağa çağırırıq", - deyə İcma öz açıqlamasında qeyd edib.
Beynəlxalq hüquq üzrə ekspert, hüquqşünas Emil Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, illər öncə Qərbi Azərbaycandan qovulan azərbaycanlıların bu gün öz evlərinə qayıtmaq hüququ var:
“Dünya təcrübəsində bu öz təsdiqini tapır. Məsələn, 1974-cü il Kipr müharibəsi ilə bağlı bir sıra sənədlər qəbul olunub. 1974-cü ilə qədər Kiprdən qovulan yunanların hüquqlarının bərpasına qərar verilib. “Loizidu Türkiyəyə qarşı” keysini misal çəkə bilərəm. Kipr vətəndaşı olan yunan əsilli Titina Loizidu Kipr Yunanıstan və Türkiyə arasında bölünəndən sonra mülkiyyət hüququndan məhrum olmuşdu. Bundan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişdi və işi udmuşdu”.
Hüquqşünas əlavə edib ki, zorla torpaqlarından qovulan azərbaycanlıların beynəlxalq təşkilatlara müraciət etmək hüququ var:
“Onların həm də mülkiyyət hüququ pozulub. Ermənistan dövləti onlara təzminat verməlidir. Ermənistan Respublikası Ermənistan SSR-nin varisi sayılır. Bundan irəli gələn bəzi öhdəliklər var ki, onları yerinə yetirməlidir”.
Törə Zeynallı Demokrat.az


