Gündəm Özəl

Hüquqşünas: “Həbs edilən separatçılar siyasi danışıqların predmeti ola bilər”

Hüquqşünas: “Həbs edilən separatçılar siyasi danışıqların predmeti ola bilər”

“Separatçı rejimin nümayəndələri qanunsuz silahlı birləşmələrin yaradılması, dövlət strukturlarının dəyişdirilməsi, ərazilərin minalanması və nəticədə mülki şəxslərin və digərlərinin həlak olması, keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləmə cinayətləri ilə ittiham olunurlar. Bu maddələrə görə onlara ömürlük həbs cəzası verilə bilər”.

Bunu Demokrat.az-a açıqlamasında tanınmış hüquqşünas Əsabəli Mustafayev deyib.

O qeyd edib ki, həbs edilmiş cinayətkarların Ermənistanda cəza çəkməsi mümkün deyil:

“Cinayət əməllərini Azərbaycan ərazisində törədiblər. Faktiki olaraq 1988-ə ilə qədər hamısı Azərbaycan vətəndaşı olub. Sonradan özlərinə qondarma respublika yaradıblar. Nə Ermənistanın, nə də digər bir ölkənin vətəndaşı olublar. Formal olaraq yenə də Azərbaycan vətəndaşı sayılırlar. Ölkə qanunvericiliyinə əsasən Azərbaycan vətəndaşının digər ölkəyə təhvil verilməsi qadağandır. Ermənistan və ya digər bir ölkə onları təhvil almaq istəyində olsa belə hökumət bunu təmin etməyəcək”.

Hüquqşünas siyasi danışıqlar nəticəsində separatçıların əfv oluna biləcəyini də istisna etməyib:

“ABŞ, Fransa və digər ölkələrlə siyasi danışıqlar gedir. Azərbaycan bundan öz mənfəəti üçün istifadə edə bilər. Müəyyən ərazilərin Azərbaycanın nəzarətinə verilməsi, Zəngəzur dəhlizinin açılması, Naxçıvandakı blokadanın götürülməsi şərtilə belə bir hal baş verə bilər. Beynəlxalq təşkilatların rəyini nəzərə alaraq, onların Azərbaycana dəstəyi əvəzinə həbs edilən bəzi separatçılar mühakimə olunduqdan sonra əfv edilə bilər, lakin qeyd etdiyim şərtlər əsasında. Onlar artıq heç bir siyasi rol oynamır, bundan sonra heç kimə lazım deyillər. Dövlət ömür boyu onları həbsxanada yedizdirməli deyil”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az