İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib ki, ölkəsi Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi göndərməyə hazırdır.
“İran İslam Respublikası Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə kömək etməyə hazırdır. Regiondan kənar yeni aktorların olması mürəkkəbliyi və qeyri-sabitliyi artırır”, - deyə, o qeyd edib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, İran hələ də Azərbaycanın Qərbi Zəngəzuru ələ keçirəcəyindən qorxur:
“Müşahidəçi göndərmək təklifi də bundan irəli gəlir. Halbuki Azərbaycanın Qərbi Zəngəzuru ələ keçirmək planı yoxdur. Əsas iki istək var - Zəngəzur dəhlizi işə düşsün və oraya azərbaycanlıların təhlükəsiz köçü başlasın. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqsa, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmayacaq. Baxmayaraq ki, Qərbi Zəngəzur tarixi Azərbaycan torpağıdır”.
E.Şahinoğlu İranın bu təklifinin reallaşacağını zənn etmir: “İranın sözü varsa, Ermənistana desin. ABŞ ilə birgə hərbi təlimlər keçirən Ermənistandır. Üstəgəl Fransa ilə də sıx dialoq qurur. Avropalı müşahidəçiləri Qərbi Zəngəzurda İrana yaxın ərazidə yerləşdirən də Ermənistandır. 30 ildə İran müxtəlif təkliflər verib, heç biri də həyata keçməyib. Çünki Azərbaycanın maraqlarına uyğun deyil”.
Törə Zeynallı Demokrat.az


