Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Demokrat.az xəbər verir ki, Nəsimi Rayonu Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində 1987-ci il təvəllüdlü paytaxt sakini Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb.
Onun üzərindən 102 qram narkotik vasitə olan heroin aşkar edilib.
Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, onunla birlikdə görünən şəxslərin məktəblilər deyil, digər şəxslər olduqları müəyyən edilib.
Lakin bu, məktəblilərin narkotik satıcılarının hədəfində olmadığını deməyə əsas vermir. Orta məktəb şagirdləri arasında zərərli vərdişlər günbəgün artır. Narkotik satıcıları üçün məktəb yaşlı uşaqları qurbana çevirmək daha asandır.
Kriminalist Şəmsəddin Əliyevin sözlərinə görə, son illərdə Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə artan xətlə davam edir.
O, Demokrat.az-a açıqlamasında deyib ki, narkotiklərin dövriyyədən çıxarılması, kütləvi şəkildə məhv edilməsi və subyektlərin məsuliyyətə cəlb olunması baxımından cinayətlərin dinamikasında qeydə alınan faktların sayı çoxdur:
“Səmimi olaraq onu da deyim ki, narkotikdən istifadə edən azyaşlıların sayı azdır, narahat edəcək səviyyədə deyil. Lakin məndə olan məlumata görə bəzi orta məktəblərdə sanitar qovşaqlarında şprislər tapılır, yerə atılmış siqaret kötüklərində dodaq boyaları izləri var. Bu da ehtimal etməyə əsas verir ki, məktəbli oğlanlar və qızlar arasında zərərli maddələrdən, eləcə də narkotikdən istifadə edənlər var. Bu, ciddi məqamdır. Orta məktəblərdə tədrislə bərabər, direktor müavinləri, sinif rəhbərləri şagirdlərin davranışlarına da nəzarət etməlidirlər”.
Ekspert qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı dövlətin milli fəaliyyət planı var:
“Təəssüf ki, dünyada narkotik bazarları bağlanmayıb. Burada iri dövlətlərin maraqları var. Narkotikdən gələn gəlirlə terror qruplaşmaları, qanunsuz silahlı birləşmələr maliyyələşdirilir. Böyük güclər müəyyən ölkələrdə dominantlığını saxlamaq üçün bundan istifadə edir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı dövlətin milli fəaliyyət planına əsasən mərkəzi icra hakimiyyəti orqanları qarşısında vəzifələr qoyulub. Nazirlər Kabinetində müvafiq komissiya fəaliyyət göstərir. Daxili İşlər Nazirliyi və digər qurumlar bununla bağlı vaxtaşırı hesabtlar təqdim edir”.
Ş.Əliyevin fikrincə, narkotiklə mübarizədə əhali hüquq-mühafizə orqanlarına dəstək olmalıdır:
“Bütövlükdə bir şüarla yaşamalıyıq. Bu da narkotik vasitələrin qanunsuz dövriyyəsinə cavan şəxslərin cəlb olunmasına qarşı mübarizədir. Maarifləndirmə tədbirləri artırılmalı, mütəmadi hal almalıdır, xüsusən də orta məktəblərdə. Pedaqoji kollektivin məsuliyyətini artırmaq lazımdır. Bütün təhsil ocaqlarında mütəxəssislər tərəfindən dinləmələr keçirilməlidir. Narkoloji dispanserin peşəkar işçiləri və peşəkar hüquqşünaslar bu işlə birgə məşğul olmalıdır. Dispanserlərdə çarpayıların sayı artırılmalıdır. Söhbət gələcək nəsillərin genefondundan gedir”.
Törə Zeynallı Demokrat.az


