Gündəm Özəl

“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi İranı narahat edir” — Politoloq

“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi İranı narahat edir” — Politoloq

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 1-də Tehrana rəsmi səfərə gedib. Səfər çərçivəsində İran rəsmiləri, o cümlədən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi general Əli-Əkbər Əhmədianla görüş nəzərdə tutulub. İran Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkə Qafqazdakı vəziyyətə böyük əhəmiyyət verir. Tehranın Bakı ilə İrəvan arasında münaqişələrin dayandırılmasını alqışladığı qeyd olunub. Həmçinin İranın beynəlxalq və geosiyasi sərhədlərin istənilən dəyişikliyinə qarşı olduğu vurğulanıb.

“World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova Demokrat.az-a açıqlamasında deyib ki, İran Cənubi Qafqazdakı yeni vəziyyətdən narahatdır:

“İran bölgədəki geopolitik gücünü itirə bilər. Hər zaman sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, guya müharibəyə qarışmasa da bilirik ki, Ermənistana böyük dəstək verib. Azərbaycan bu gün bölgədə söz sahibidir, hərbi, siyasi, iqtisadi baxımdan güclü dövlətə çevrilib. Bu, İranı narahat etməyə bilməz. O, gücünü itirməkdən qorxur. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi İranın maraqlarına toxunur. Bu gün İranda yaşayan 35-40 milyon azərbaycanlı da şimalla birləşmək istəyə bilər. Bu həm də iqtisadi baxımdan İranın qapılarını bağlaya bilər. Qarabağ Ermənistan işğalı altında olan illərdə İran bu torpaqları talayan ölkələrdən biri idi. İndi isə nə Qarabağa girə biləcək, nə də orada çirkin əməllərlə məşğul ola biləcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova