Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda sentyabrın 29-da Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
İclası giriş sözü ilə açan institutun baş direktoru professor Nadir Məmmədli bildirib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Bu əlamətdar yubiley təkcə qardaş Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir. Professor vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil. İnstitutuun Türk dilləri şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov “Cümhuriyyət dövrü türk şeirində “dəniz” konsepti”, aparıcı elmi işçiləri filologiya elmləri doktoru Şəbnəm Həsənli Qəribova “Atatürkün “dil islahatları” və müasir türk dili”, dosent Təranə Şükürlü “Cümhuriyyət dövründə dil normaları” və dosent Turan Hüseynova “Cümhuriyyət dövründə yazılan qrammatika kitabları” mövzularında məruzə ediblər.
Məruzələrdə bildirilib ki, Türk dilinin inkişafında dönüş mərhələsi Respublika dövrünə aiddir. Türkiyə respublika elan olunduqdan sonra dildə əsaslı islahatlar keçirilməyə başlanır. "Dil inqilabı" adı altında keçirilən bu islahatların gedişində türk dilinin əlifbası dəyişdirilmiş - ərəb qrafikasından latın qrafikasına keçilmiş "Osmanlı dili", "Osmanlıca" terminləri "Tiirk dili", "Türkcə" istilahları ilə əvəz olunmuşdur.
XX əsrin əvvəllərində dil məsələləri siyasi məsələlərin tərkib hissəsinə çevrildi. Dövrün ziyalıları dərk edirdilər ki, başqa dillər kimi Türk dili də inkişaf etməli, ədəbi dil normalarına əsaslanan ana dili olmalıdır.
1920-30-cu illərdə geniş mətbuat şəbəkəsinin fəaliyyət göstərməsi, məktəb sisteminin genişləndirilməsi ilə əlaqədar dərsliklərin yazılması ədəbi dil normalarının təkmilləşdirilməsini, yaxud yeni normanın təşkilini tələb edirdi.



