“Moskovskiy Komsomolets“ qəzetinin siyasi şərhçisi, tanınmış jurnalist Aleksandr Budberq deyib ki, Ermənistan cəmiyyəti Qarabağ məsələsindən yorulub. Rusiya sülhməramlı qüvvələri də Azərbaycan ərazisindən gedəcəklər.
APA-nın Moskva müxbirinə müsahibə verən Budberq onu da əlavə edib ki, Rusiyada erməni lobbisinin marağını güdənlər bundan sonra səslərini kəsib sakit oturacaqlar:
“Ermənistan əslində Qarabağa ayrıca status iddia etmir. Bu, həm də onu göstərir ki, Ermənistan cəmiyyəti daha Qarabağ üçün hər il xərac vermək istəmir”.
Bu fikirlərə münasibət bildirən hərbi ekspert Telman Qasımov Demokrat.az-a açıqlamasında qeyd edib ki, hazırda Qarabağı tərk edən ermənilər sonradan bu ərazilərə qayıda bilər:
“Rusiya çalışacaq ki, bölgədə heç olmasa 10 min erməni əsilli sakin saxlasın. Bu say da kifayət edir ki, sülhməramlıların burada fəaliyyəti bir az da uzansın. Rusiya qüvvələrinin ərazini tərk etməsi şübhəli məsələdir. Yəqin ki, ata-babaları Qarabağda yaşamış erməniləri burada yaşamağa məcbur edəcəklər.
Yəni, əl çəkən deyillər, ən azından yenə də Xankəndində məskunlaşan ermənilər olacaq. Yaşlıları, qocaları heç getmək istəmir. Ruben Vardanyan bu gün saxlanılaraq həbs edildi. Vitali Balasanyan ümumiyyətlə getmək istəmir. Samvel Babayan necə olubsa, aradan çıxıb, dediyinə görə guya onu saxlayan olmayıb. Bu da şübhəlidir. Bundan başqa separatçıların siyasi rəhbəri David İşxanyanın taleyi necə olacaq – hələki sual altındadır.
Rus sülhməramlıların Qarabağda qalıb-qalmayacağı ilə bağlı açıqlama vermək hələ tezdir”.
Törə Zeynallı Demokrat.az


