Siyasi şərhçi Məhəmməd Əsədullazadə feysbuk hesabında qeyd edib ki, Ermənistan Qarabağı tərk edən ermənilərin sayını şişirtməklə Azərbaycana qarşı yeni bir siyasi ssenari planlanlaşdırır. Belə ki, Ermənistan Nazirlər Kabinetinin bu gün saat 12:00-a olan məlumatına görə, 47 115 nəfər erməni könüllü olaraq Qarabağı tərk edərək Ermənistana daxil olub.
Bu barədə fikirlərini Demokrat.az-a açıqlayan politoloq deyib ki, Ermənistan bununla sübut etməyə çalışacaq ki, Azərbaycan guya etnik təmizləmə həyata keçirir:
“Azərbaycana müəyyən dərəcədə sanksiyaların tətbiq edilməsi, Roma Statusunun tətbiqinə çalışa bilər. Ermənistan rəqəmləri şişirdir ki, beynəlxalq müstəvidə Azərbaycana qarşı təzyiq formalaşdırsın. Sülh müqaviləsi məsələsində müəyyən güzəştlər əldə etsin.
Hesab edirəm ki, bölgəni tərk edən ermənilərin dəqiq siyahısını hazırlamağı Azərbaycan tərəfi həyata keçirməlidir. Orada 10 minə yaxın separatçı olub, 20 minə də yaxın mülki şəxs. 30 mindən yuxarı əhali ola bilməz. Ermənistan çalışacaq ki, bu rəqəmi 70-80 minə qaldırsın”.
Törə Zeynallı Demokrat.az


