Gündəm Özəl

“Deputat çıxıb, belə deyirsə, sıravi vətəndaşdan nə gözləyək?!” — Psixoloqdan İRAD

“Deputat çıxıb, belə deyirsə, sıravi vətəndaşdan nə gözləyək?!” — Psixoloqdan İRAD

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri üzrə şöbə müdiri Gülnarə Məmmədova nikahdan əvvəl tibbi müayinə ilə yanaşı cütlüklərin psixoloji testdən də keçmələrini təklif edib. Komitə rəsmisi bu məsələnin qanuniləşdirilməsi fikrini irəli sürüb.

Deputat Razi Nurullayev isə Bizim.Media-ya deyib ki, cütlüyün evlənməmişdən öncə psixoloji testdən keçməsi absurd məsələdir, bu yanaşma düzgün deyil.

Psixoloq Gülnar Orucova deputatın dedikləri ilə razı deyil. O, Demokrat.az-a açıqlamasında bildirib ki, bu sistem bütün dünyada tətbiq olunur:

“Deputat çıxıb, belə deyirsə, sıravi vətəndaşdan nə gözləyək?! Bu gün xüsusilə bir çox Avropa ölkəsində ailə quran cütlüklərin psixoloji testdən keçməsi məcburidir. Boşanarkən deyirlər ki, xasiyyətimiz tutmadı. Niyə tutmadı? Niyə öncədən bilməməliyik ki, xasiyyətimiz tutur, ya tutmur. Axı bunu əvvəldən bilmək mümkündür... Bütün boşanma proseslərində cütlüyü psixoloqa yönləndirirlər ki, bəlkə fikirlərindən daşınalar. Psixoloqa məhz son anda müraciət etdiyimiz üçün boşanmaların sayı da artmağa davam edəcək”.

G.Orucovanın sözlərinə görə psixoloji yardım dövlət tərəfindən təşkil olunmalıdır:

“Bəli, evlənməmişdən hər bir cütlük psixoloji testdən keçməlidir. Bu o demək deyil ki, onların hər hansı bir psixoloji pozuntusu var, xeyr. Xarakterləri, həyata baxışları, dünya görüşləri bir-birinə uyğundurmu, fərqlidirmi, ailə ola biləcəklərmi – bunları psixoloq öncədən aydınlaşdıra bilir. Yaş da önəmli faktordur. Özündən 20 yaş böyük və ya kiçik insanla ailə qurmaq doğru deyil.

Bütün dünyada işə qəbul zamanı, sürücü vəsiqəsi alan zaman insanlara psixoloji test tətbiq olunur. Ödənişli olduğu üçün bizdə çoxları psixoloqa getmir. Dövlət bunu ödənişsiz təşkil etməlidir, ailələrə dəstək lazımdır. Bəzi psixoloji pozuntulardan əziyyət çəkən insanlar var ki, onlara ailə qurmamaq məsləhətdir. Evlilik depressiyadan çıxış yolu, psixoloji xəstəliklərdə müalicə üsulu deyil. İki nəfəri bir-birilə tanış edib, evləndirirlər. Hər kəs öz həyat yoldaşını özü seçməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova