Sentyabrın 21-də Yevlaxda baş tutan görüşdə razılaşdırılan məsələlərdən biri də tezliklə növbəti görüşün keçirilməsi oldu.
Politoloq Amid Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan hər zaman bölgədə yaşayan erməni əsilli vətəndaşlara hər cür köməkliyin göstərilməsini təşviq edib:
“Azərbaycan ilk dəfə məhz II Qarabağ müharibəsindən dərhal sonra bölgədə yarana biləcək istənilən vəziyyətlə bağlı yardıma hazır olduğunu bildirdi.
Növbəti görüşün də yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulub. Təbii ki, birinci görüş zamanı müvafiq vacib məsələlər erməni icmasının nəzərinə çatdırılıb və ən əsası, Azərbaycan tərəfindən hazırlanmış birgəyaşayış konsepsiyasının bütün müddəalarının ardıcıl olaraq həyata keçiriləcəyi bir daha qeyd olunub. Erməni icmasının üzərinə düşən əsas vəzifə proseslər zamanı heç bir maneə yaratmamaq, əksinə, yardımçı olmaqdır”. Politoloqun sözlərinə görə nəzərdə tutulmuş addımlar növbə ilə Azərbaycan tərəfindən həyata keçiriləcək:
“Növbəti görüşlərin isə məkan olaraq Bakı, Gəncə, Mingəçevir və yaxud digər şəhərdə baş tutması Azərbaycan dövlətinin iradəsindən asılı olacaq. Təbii ki, keçiriləcək görüşlər istənilən şəhərdə baş tuta bilər. Buna mane ola biləcək hər hansı qüvvə, iradə və ya tərəf artıq yoxdur.
Əsas odur ki, son üç il ərzində reinteqrasiya prosesinə əngəl olan separatizm artıq məhv edilib. İndi sülh gündəliyinin davamlı olması və eləcədə Qarabağ iqtisadi rayonunda yenidənqurma və reinteqrasiya proseslərinin uğurlu icrasını təmin etmək lazımdır. Buna da Azərbaycan, şübhəsiz, müvəffəq olacaq. Erməni icması da bu məsələdə irəli sürülən şərtləri və qaydaları qəbul edəcək. Çünki, bu, bölgədə sülhün təmin olunması üçün olduqca vacib məqamdır. Azərbaycan bu prosesi pozmaq istəyən hər bir qüvvəyə istənilən müstəvidə cavab vermək gücünə malikdir”.
Törə Zeynallı Demokrat.az


