Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tvitter hesabında yazıb ki, rəsmi Bakı ilə Qarabağ erməniləri arasında hüquq və təhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq vacibdir. Əlavə edib ki, Avropa İttifaqı bu dialoqu dəstəkləməyə hazırdır.
Mişelin çağırışına Demokrat.az-a açıqlamasında münasibət bildirən siyasi şərhçi Əhəd Məmmədli deyib ki, Aİ ermənilərə bu məsləhəti çoxdan verməli idi:
“Əvvəllər Bakı ilə tələblə danışırdılar. Laçın yolunu açmaq, blokadaya son vermək kimi göstərişlər verirdilər. Utanmasalar, deyərdilər ki, qayıt müharibədən əvvəlki vəziyyətə, Tərtərə. Sülhə gedən yol hərbdən keçir. İndiki məqamda qətiyyən dialoqlara getmək olmaz. Antiterror tədbirləri davam etməlidir. Sonuncu terrorçu məhv ediləndən sonra, Azərbaycan bütün ərazilərinə nəzarəti təmin edəndən sonra artıq daxili məsələsidir ki, öz vətəndaşları ilə dialoqa başlayacaq, ya yox”.
Politoloq hesab edir ki, Qarabağdakı ermənilər proseslərdən hələ də nəticə çıxarmır:
“Sonuncu müharibə onlara dərs olmadı, yenə də böyük-böyük danışırdılar. Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər. Müharibədən sonra rus sülhməramlılarına güvəndilər, elə bildilər ki, himayə altındadırlar. Laçında post qurulanda dərs çıxarmalı idilər, Bakı Ağdam yolunu istifadəyə verəndə dərs çıxarmalı idilər, keçən il Zəngəzur cəbhəsində qısamüddətli uğurlu hərbi əməliyyat onlara dərs olmalı idi. Görünən odur ki, nə vaxt ki, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, o vaxt reallığı dərk edəcəklər”.
Törə Zeynallı Demokrat.az


