Gündəm

Yağış sularında boğulan şəhər nəqliyyatı — "Alternativlər yaradılmalıdır"

Yağış sularında boğulan şəhər nəqliyyatı — Alternativlər yaradılmalıdır

Göydən azca yağış yağan kimi tıxacın səngimək bilmədiyi paytaxt yollarında vəziyyət daha da dözülməz olur. Avtobuslar gecikir, insanlar saatlarla yollarda qalır, həm nəqliyyatın, həm də piyadaların hərəkəti çətinləşir.

Problemdən çıxış yollarından danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, insanlar üçün alternativlər yaratmaq lazımdır:

“Piyada infrastrukturu yaxşılaşdırılmalıdır ki, qısa məsafəni piyada getmək mümkün olsun. Belə olan halda yollar da az yüklənəcək. Velosiped və skuterlərin maneəsiz hərəkəti üçün zolaqlar çəkilməlidir. Uzaq məsafəli mobilliyi təmin etmək üçünsə avtobus zolaqları ayrılmalıdır. Avtobusların sayına deyil, onların sürətli və dayanıqlı hərəkətinə diqqət yetirilməlidir. Neçə yüz dənə avtobus olur, olsun, əgər gedib, tıxacda dayanacaqsa, sayının çox olması əhəmiyyət kəsb etmir. Zaman dəyərlidir. Şəxsi avtomobilində və ya taksidə gedən insan görsə ki, yanından avtobuslar sürətlə ötüb, keçir, o isə hələ də tıxacda gözləyir, bundan sonra ictimai nəqliyyatdan istifadəyə üstünlük verəcək. Böyük şəhərlərlərdə ictimai nəqliyyatın rahat hərəkəti üçün alternativlər mövcuddur. Bunlardan biri də vahid bilet məsələsidir. 90 dəqiqəlik intervalda pulsuz keçidlər insanları həm maddi cəhətdən cəlb edir, həm də ünvana daha tez çatmasını təmin edir”.

Bakının piyada infrastrukturunun bərbad vəziyyətdə olduğunu xatırladan ekspert digər problemlərdən də bəhs edib:

Yağış sularında boğulan şəhər nəqliyyatı — Alternativlər yaradılmalıdır

““15 dəqiqəlik şəhər” konsepsiyası var – 15 dəqiqə ərzində ətrafınızdakı məktəbə, bağçaya, ictimai-iaşə obyektinə piyada gedib, çata bilməniz üçün lazımi şərait yaradılır. Hər kəsin yaşadığı ərazidə belə şərait olarsa, qısa məsafələr üçün artıq nəqliyyatdan istifadəyə ehtiyac qalmayacaq, insanlar piyada hərəkətə üstünlük verəcək. Küçə ilə hərəkət edən yerdə səki bitir. Sonra piyadaların məsuliyyətsizliyindən şikayət edirlər. Məhdud mobilli insanlar var – uşaqlar, qocalar, əlillər. Onların hərəkətini asanlaşdırmaq üçün müəyyən işlər görülüb. Dəmiryolu Vağzalında yeni Stadler qatarları fəaliyyət göstərir, “Bakubus”, “Xaliq Faiqoğlu” şirkətinin avtobuslarında belə insanların rahat gedişi nəzərə alınıb. Lakin bunlara gedən yollar, yəni səkilərin vəziyyəti pis olduğu üçün əlçatanlıq təmin olunmur. Evdən dayanacağa və ya dayanacaqda düşdükdən sonra gedilən yol, səki qaydasında olmalıdır”.

Son olaraq R.Ağamirzəyev qeyd edib ki, bunlar qısa vədəli həll yollarıdır, uzun vədəli həllər üzərində də düşünmək lazımdır:

“Tramvaylar şəhərə qaytarılmalıdır, metro şəbəkəsi, şəhərətrafı elektrik qatarı şəbəkəsi genişləndirilməlidir. İntervalı azaltmaq üçün qatarların sayını artırmaq lazımdır. Şəhərin baş planında nəzərdə tutulmuş “alt mərkəz” anlayışı var. Hazırda hamı və hər şey şəhərin mərkəzində toplanıb. “Alt mərkəz” formalaşanda sərnişin axını parçalanacaq. Şəhərin digər hissələrində də - Əhmədlidə, Yasamalda, Dərnəgüldə və s. iş mərkəzlərinin formalaşması nəqliyyatda sıxlığa da təsir edəcək. Bu yerlərdə onsuz da yaşayış var, yaşadığın məkan həm də işlədiyin məkan olanda ərazi kiçik mərkəzə çevrilir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova