ABŞ-ın Qarabağla bağlı son mövqeyi bu ölkənin riyakarlığını ortaya çıxardı. Əslində təəccüblü deyil, çünki ABŞ bütün dünyada beynəlxalq hüququn yox, yalnız öz maraqlarının tərəfdarıdır və bunun üçün lazım olanda qan tökür, lazım olanda vətəndaş müharibəsi yaradır, lazım olanda separatizmi belə dəstəkləyir.
Konqresdə keçirilən son dinləmələr ABŞ-ın Azərbaycan ərazisində separatizmi açıq şəkildə dəstəklədiyini və separatçı-terrorçu rejimi leqallaşdırmağa cəhd etdiyini isbatladı. Dövlət Departamentinin rəsmisi Yuri Kim bildirdi ki, Laçın yolu təcili olaraq açılmalıdır. Əlavə etdi ki, ABŞ “Dağlıq Qarabağ xalqını müdafiə edəcək”.
“Dağlıq Qarabağ xalqı?”
Azərbaycan ərazisində nə belə bir anlayış, nə də xalq yoxdur. Bunu ABŞ-ın da maraqlarına uyğun gələndə tərəfdar çıxdığı beynəlxalq hüquq da deyir. Azərbaycan ərazisində erməni əhalisi var və bu əhali Azərbaycan vətəndaşı olaraq bölgədə yaşaya biləcəklər, alternativi yoxdur. ABŞ “Dağlıq Qarabağ xalqı” deməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz edir, erməni separatizmini körükləyir.
Laçın yolu üzərində manipulyasiya
ABŞ eyni təxribatçı mövqeyi Laçın yolu ilə bağlı da irəli sürür. Bu məsələ beynəlxalq səviyyədə Bakının gündəliyinə uyğun qəbul edilib, çünki Qarabağ Azərbaycan ərazisidir və orada baş verənlər bizim daxili işimizdir. Belə ki, Ağdam-Xankəndi yolu açılmalı, bundan sonra Laçın yolundan yüklər gömrük və sərhəd qaydalarına uyğun keçə bilər. Bu məsələ Vaşinqton görüşündə də belə razılaşdırılmış, sentyabrın 1-dən etibarən Ağdam marşrutunun açılması qərarı verilmişdi. ABŞ razılaşmanın icrası üçün Ermənistana və Qarabağdakı separatçılara təzyiq etməli idi. Lakin Vaşinqton yalnız Azərbaycanın üzərinə gəlir, rəsmi Bakıdan Laçın yolunun açılmasını istəyir, Ermənistana, Xankəndindəki separatçı-terrorçulara “gözün üstə qaşın var” demir. Aydın görünür ki, ABŞ Laçın yolu ilə bağlı təxribatlara əl atır. Məqsəd də erməni maraqlarının müdafiə edilməsidir.
Konqresdəki dinləmələrdə hər şey çılpaqlığı ilə ortaya çıxdı. Məlum oldu ki, ABŞ Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq üçün Ermənistandan istifadə etmək niyyətindədir və buna görə nəinki İrəvanı, hətta Azərbaycan ərazisindəki erməni separatçıları müdafiə etməyə hazırdır. Digər tərəfdən, yaxınlaşan prezident seçkiləri Oval kabinetdə əyləşənləri narahat edir və onlar ABŞ-dakı erməni icmasının səsini almaq üçün belə riyakarlığa qədər gedirlər.
Bütün bunlar ABŞ-ın nə qədər riyakar, ikiüzlü və etibarsız olduğunu bir daha ortaya çıxardı. Hərçənd, Vaşinqtonun erməni maraqları üzərindən həyata keçirməyə cəhd etdiyi siyasətdə itirən tərəf elə özü olacaq. Bunu təcrübə də deməyə əsas verir. Çünki Fransa da məhz bu taktika ilə hərəkət edirdi. Ermənistanı və erməni separatizmini müdafiə edir, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxırdı. Nəticədə bu gün Fransa vasitəçilikdən məhrum olub və bölgədən biabırçı şəkildə uzaqlaşdırılıb. ABŞ da eyni mövqeyi davam etdirəcəyi təqdirdə, eyni biabırçılıqla üzləşməli olacaq. Bu bölgənin yeni reallıqları var və bu reallıq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin qəbul edilməsindən keçir. Bunun əksini iddia edənlər və reallığı dəyişdirmək istəyənlər bölgədən kənarda qalırlar. Görünür, ABŞ-ı da eyni tale gözləyir.
Vasif Həsənli Demokrat.az xəbər portalının baş redaktoru


