Gündəm Özəl

Təhsilin dirçəldilməsi “Böyük Qayıdış”ın zəruri şərtlərindən biridir

Təhsilin dirçəldilməsi “Böyük Qayıdış”ın zəruri şərtlərindən biridir

Müzəffər Ali Baş Komandanın rəhbərliyilə şanlı ordumuz illərdən sonra əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi. Həmin gündən etibarən Qarabağ torpaqlarında nəhəng quruculuq və abadlıq işləri aparılır. Yenidənqurma sürətlə davam etdikcə əhali, nəhayət, doğma yurdlarına qayıdır. Müasir infrastruktur qurulur, “Ağıllı kənd”lər salınır, xarici investorlar quruculuq prosesinə cəlb edilir. Təhsil sisteminin bərpası da burada həyatın yenidən dirçəlməsi üçün zəruri şərtlərdən biridir.

Təhsilin dirçəldilməsi “Böyük Qayıdış”ın zəruri şərtlərindən biridir

İşğaldan azad edilmiş torpaqlarda ilk zəng 2022-ci ildə Zəngilanın Ağalı kənd tam orta məktəbində çalındı. 360 yerlik ikimərtəbəli məktəbdə ilkin mərhələdə 60-dan çox şagird təhsil almağa başladı. Cari tədris ilində isə Füzuli və Laçın şəhərlərində yeni məktəb binaları istifadəyə verildi. Sentyabrın 15-də Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə “Bilik Günü” keçirildi. 960 yerlik məktəb Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilib. Ötən il təməli qoyulan məktəb üç hektar ərazini əhatə edən 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxanadan ibarətdir. Məktəbin həyətində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət – buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası da inşa edilib. Məktəbin açılışı bu ilin 23 avqust tarixində baş tutub. Tədbirdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva iştirak ediblər. 2023-2024-cü tədris ilində sözügedən məktəbdə 160 şagirddən ibarət 11 sinif təşkil edilib və 15 müəllim burada dərs deyəcək.

Təhsilin dirçəldilməsi “Böyük Qayıdış”ın zəruri şərtlərindən biridir

Laçın şəhərində də 32 ildən sonra 2 nömrəli məktəbdə dərslər başlayıb. Burada 227 məktəbli ilə yanaşı müvəqqəti olaraq rayonun Zabux kəndinə köçürülənlərin övladları da təhsil alacaq. Ölkə Prezidenti və birinci xanım avqustun 25-də əsaslı təmirdən sonra məktəbin açılışında iştirak edib. Məktəbin əsası Prezidentin 2022-ci il 22 sentyabr tarixli Sərəncamı ilə qoyulub. Ümumilikdə 510 yerlik üçmərtəbəli məktəb binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəqədər hazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.

Milli Məclisin deputatı Anar İsgəndərov Demokrat.az-a açıqlamasında deyib ki, uzun illər idi ki, Qarabağ məktəbləri Bilik Gününə həsrət idi:

Təhsilin dirçəldilməsi “Böyük Qayıdış”ın zəruri şərtlərindən biridir

“Faşist erməni birləşmələri əhalini doğma yurdlarından didərgin salmış, şagirdlər doğma məktəblərinə həsrət qalmışdılar. Nəhayət, 30 ildən sonra şagirdlər öz yurdlarında sinif otağına qədəm qoydu. Bu onu göstərir ki, Azərbaycan xalqı və ordusu Ali Baş Komandanın rəhbərliyi altında doğma torpaqları uğrunda vuruşdu və qalib gəldi. Ölkə Prezidenti bu illər ərzində beynəlxalq təşkilatlara, dünya dövlətlərinə həqiqəti çatdırdı, bunu görməzdən gələnlərsə sonda Azərbaycanın silah gücü ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyinin şahidi oldular. Dağıldılmış şəhərlərimiz, vandalizmə məruz qalmış tarixi abidələrimiz hər keçən gün bərpa olunur, yeni məktəb binaları istifadəyə verilir. Məscidlərimizdən azan səsi, məktəblərdən şagirdlərin, müəllimlərin sevinc sədaları gəlir. Bu gün Füzulidə və Laçında Bilik Gününü hansı təntənə ilə qeyd ediriksə, yaxın zamanda işğaldan azad edilmiş bütün şəhər və kəndlərdə də eyni şövqlə təhsilin dirçəlməsini qeyd edəcəyik. Bərpa və quruculuq işləri uğurla davam edir. Dövlətimiz və xalqımız bunun üçün əlindən gələnin ən yaxşısını etməkdədir”.

Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə sayta açıqlamasında qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarda inşa edilən məktəblər ən müasir standartlara cavab verir:

Təhsilin dirçəldilməsi “Böyük Qayıdış”ın zəruri şərtlərindən biridir
“Cənab Nazirin də qeyd etdiyi kimi, Qarabağda sadəcə orta məktəblər deyil, 8 peşə təhsili müəssisəsinin tikintisi də planlaşdırılır. Bunların hər biri həm infrastruktur, həm də müasir məktəb quruculuğu baxımından ən yeni tələblərə cavab verən məktəblərdir. İstifadəyə verilmiş məktəblərdə şagird və müəllimlər üçün bütün lazımi şərait yaradılıb. Bütün bunlar ölkə Prezidentinin təhsilə qayğısının və azad edilmiş torpaqların bərpası istiqamətində görülən işlərin nəticəsidir. İnanıram ki, təhsil islahatlarının davamı kimi həmin ərazilərdə də elm və təhsilin inkişafında uğurların şahidi olacağıq”.

Törə Zeynallı Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda yayımlanır.

NE
Nihadə Eyyubova