Statistikaya görə, birinci sinfə gedən uşaqların sayı ilbəil azalır. Yeni başlayan tədris ilində 135 min uşaq 1-ci sinfə gedib. Bu rəqəm 2022-2023-cü tədris ilində 152 min, 2019-2020-ci tədris ilində isə 160 minə yaxın olub. Təhsil ekspertləri bunu sosial vəziyyətlə əlaqələndirir.
Sosioloq Əhməd Qəşəmoğlu Demokrat.az-a açıqlamasında deyib ki, sosial siyasətdən irəli gələn məsələlərə az diqqət yetirilir:
“Çalışmalıyıq ki, ölkədə üç uşaqlı ailə modeli çox yayılsın. Ailədə bir-iki uşaq olanda ölkədə əhalinin sayı azalır. Bu isə təhlükəlidir. Əhali azalanda başqa ölkələrdən gələnlər artır, ölkədə etnik dəyişiklik baş verir. Üç uşaqlı ailələrin sayının artması üçün də qanunvericilik bazası olmalıdır, sosial müdafiə sistemi qaydasında olmalıdır, uşaq pulu da bura daxildir. Və bu deyilənlərin arxasında ciddi bir fəaliyyət proqramı dayanmalıdır”.
Ekspertin sözlərinə görə, müxtəlif səbəblər ucbatından ailələrdə uşaq sayı azalır:

“Boşanmalar da bu statistikaya ciddi təsir edir. Ailə institutunu taleyin ümidinə buraxmışıq. Ailədə bir uşaq olan kimi tez boşanırlar və ya uşaq olmamış boşanırlar. Ya da boşanacaqlarsa, ikinci uşağı dünyaya gətirmirlər.
Maarifləndirmə işləri aparılmalıdır. Ciddi sosial siyasət ortaya qoyulmadıqca məsələ ilbəil daha da mürəkkəbləşəcək”.
Törə Zeynallı Demokrat.az


