Gündəm Özəl

Ehtiyatı əldən vermək olmaz: “ABŞ Qarabağ erməniləri üçün xüsusi bir status tələb etməyəcəyinə dair zəmanət verməlidir”

Ehtiyatı əldən vermək olmaz: “ABŞ Qarabağ erməniləri üçün xüsusi bir status tələb etməyəcəyinə dair zəmanət verməlidir”

Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması regionla yanaşı ölkəsinin də milli təhlülkəsizlik maraqlarına uyğundur. Qeyd edib ki, dayanıqlı sülh enerji təhlükəsizliyinə və regional nəqliyyat əlaqələrinin inkişafına təkan verəcək.

ABŞ rəsmisinin bu bəyanatını Demokrat.az-a şərh edən politoloq Turan Rzayevin sözlərinə görə, prinsip etibarilə ABŞ-ın Cənubi Qafqazda sülhün əldə olunmasına maneçilik törətmək məqsədi yoxdur:

“Əksinə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması iki cəhətdən ABŞ-ın maraqlarına uyğundur. Söhbət Rusiyanın bölgəyə təsir imkanlarının qarşısının alınmasından gedir. Münaqişə ocaqlarının qalması Rusiyanın ölkələrə təsir gücünü saxlayır. ABŞ-ın mövqeyi başa düşüləndir. Rəsmi Vaşinqton tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması üçün əlindən gələni edir. Brüssel görüşlərilə paralel Vaşinqton görüşlərinin də keçirilməsi buna hesablanıb. Hər iki platformada da konstruktiv nəticələr əldə edilib. Məsələnin destruktiv tərəfi Rusiya ilə bağlıdır. ABŞ sülhə nail olmaqla bölgədə Rusiyanı əvəz etmək istəyir”.

Politoloq deyib ki, Azərbaycan özünü tərəfsiz ölkə sayır və balanslı siyasət yeridir:

“ABŞ ilə aramızda enerji sazişləri var, silah və digər sahələrdə əməkdaşlıq davam etməkdədir. Amerika ilə xüsusi bir problem yaşamırıq, münasibətlər loyaldır. Lakin hər bir halda Amerikanın da imperialist ölkə olduğunu nəzərə almaq lazımdır, ehtiyatı əldən vermək olmaz. Yekun sülh müqaviləsinin şərtləri nə olacaq, ABŞ Qarabağ erməniləri üçün xüsusi bir status tələb etməyəcəyinə dair bizə zəmanət verməlidir. Hesab edirəm ki, ABŞ Rusiya faktoruna görə sülh prosesini dəstəkləyir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova