Narkotiklərin xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verəcək.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Sözügedən dəyişikliyi Demokrat.az-a şərh edən Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənindediyinə görə bunun narkotikdən istifadənin azalmasına səbəb olacağını düşünmək yanlış olardı:
Ölkədə narkotikdən istifadə günbəgün artmağa davam edir. Düzdür, buna qarşı müvafiq qurumlar tərəfindən ciddi mübarizə aparılır. Lakin görünən odur ki, tədbirlər istənilən nəticəni vermir. Tutulmayan və külli miqdarda narkotik vasitənin ölkəyə daşınması halları narkotik istifadəçilərinin sayının artmasına gətirib çıxarıb".
Ç.Qənizadə deyib ki, az miqdarda narkotik istifadə edənləri cəzaçəkmə müəssisələrinə məhkum etmək dövlətin yükünü artırır:

"Bu günlərdə cəzaçəkmə müəssisələrində monitorinq keçirərkən məlum oldu ki, onlardan birində məhkumların 75 faizə qədəri narkotik maddələrdən istifadəyə görə həbs edilmiş insanlardır. Hesab edirəm ki, qanunda dəyişiklik inzibati məsuliyyət yaranmasına xidmət edəcək. Əvvəllər olduğu kimi xeyli miqdardan az miqdarda narkotik istifadə edən insanlar azadlıqdan məhrum edilməməli, inzibati qaydada cəzalanmalıdır. Onların qidalanmasına və digər zəruri tələbatlarına dövlət tərəfindən pul ayrılır. Niyə görə narkotik vasitələrin satışı ilə məşğul olmayan, sadəcə az miqdarda istifadə edənləri cəzaçəkmə müəssisələrinə göndərək?! Hər zaman bunun əleyhinə olmuşam və təklif etmişəm ki, Cinayət Məcəlləsi bir daha gözdən keçirilsin.
Bəzi qurumlarda narkotik istifadəçilərinin tutulub, təhvil verilməsilə bağlı sanki plan var. Hansısa rayonun polis idarəsi niyə bu tədbirləri həyata keçirmir? Bu problem də aradan qaldırılmalıdır. Hesab edirəm ki, real narkotacirlərin tutulması, narkotikin ölkəyə gətirilməsi və satışını təşkil edənlərin müəyyən olunması ilə narkotik istifadəçilərinin sayının azalmasına nail ola bilərik".
Törə Zeynallı Demokrat.az


