Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neçə təhsil müəssisəsində sahibkarlıq fənni pilot şəkildə tədris ediləcək. Bu məqsədlə İsrailin ən böyük məktəb şəbəkəsi “ORT İsrail” tərəfindən müvafiq dərs vəsaiti hazırlanıb.
Təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, müasir dövr təhsil sistemində də yeniliklər tələb edir:
"Orta məktəblərdə şagirdlərə yalnız standart biliklər veririk. Nəzəri biliklər onlarda gələcək həyatlarında lazım olacaq bacarıqlar formalaşdırmır. Şagird orta məktəbi bitirdikdə özünə kiçik bir biznes qurmaq üçün müəyyən biliklərə sahib olmalıdır. 11 il ərzində Azərbaycan dili öyrən, riyaziyyatı öyrən, kimyanı oxu - ancaq fənləri əzbərləyirik.
Əldə etdiyimiz biliklərin həyatda harada, nə cür tətbiq etməli olduğumu bilmirik. Sahibkarlıq fənninin keçirilməsi ona görə müsbətdir ki, bu, şagirdlərdə kiçik və orta biznes qurmaq üçün müəyyən bacarıqları formalaşdıracaq".
Ekspertin fikrincə, təhsilin əsas məqsədi təkcə cəmiyyət üçün vətəndaş hazırlamaq deyil, həm də idarəedici bir şəxs yetişdirmək olmalıdır:
"Rəqəmlərə baxın - hər il orta məktəbləri 90 minə yaxın şəxs bitirir. Onun 30-40 mini ali məktəblərə qəbul olur. Yerdə qalan hissə əmək bazarına daxil olur, hər hansı bilik və bacarığı olmadan onlar bu prosesdə iştirak edə bilmirlər. Ona görə bu fənnin keçirilməsi digər fənlər qədər vacibdir. Bu, şagirdlərdə zəruri peşə bacarıqlarının formalaşmasına təkan verəcək".
Törə Zeynallı Demokrat.az


