"Regionda baş verən son hadisələr birbaşa Xankəndi və Ermənistan-Azərbaycan şərti sərhədində yaranmış gərginliklərlə bağlıdır. Belə ki, sentyabrın 1-də Ermənistan-Azərbaycan şərti sərhədində yaranmış eskalasiya rəsmi İrəvanın siyasi hakimiyyətinə kənar oyunçu dövlətlər tərəfindən edilən təsirlərlə əlaqəlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov bildirib.
Onun sözlərinə görə, bütün bu faktlar son zamanlar Ermənistan KİV-lərində verilən açıqlamalarda da öz əksini tapır:
"Son vaxtlar erməni radikallarının Paşinyanın iqamətgahı qarşısında təşkil etdiyi aksiyalar da onu deməyə əsas verirdi ki, Ermənistan şərti sərhədlərimizdə yeni təxribatlara hazırlaşır və məqsədlə də sözügedən istiqamətdə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heytinin hərəkətliliyi, hərbi texnikaların yerdəyişməsi, mühəndis-istehkam işlərinin aparılması həyata keçirilir. Bütün bunlar da yeni müharibənin başlamsına zəmin yaradır. Məlumdur ki, Arayik Harutunyanın istefasından sonra Xankəndidə Kremlə birbaşa əlaqəsi olan şəxslər hakimiyyətə gətirildi. Bu da onu bir daha sübut edir ki, Rusiya sülhməramalılarının 2025-ci ildə müddəti başa çatdıqdan sonra Qarabağdan çıxmaq fikri yoxdur. Bunun bariz nümunələrindən biri də odur ki, Rusiyanın Qırmızı Aypara Cəmiyyəti tərəfindən hümanitar yüklərin Xankəndinə gətirilməsi qısa müddət ərzində maneəsiz reallaşdı. Yəni, Xankəndidəki separatçı rejim bu yüklərin qəbuluna dərhal razılıq verdi. Birmənalı şəkildə deyə bilərik ki, Rusiya separatçı ermənilərin "Qarabağ klanı"nı həm Azərbaycan ərazilərində, həm də Ermənistanda yenidən dirçəltməyə çalışır. Kreml bu cür yollarla Paşinyana siyasi təzyiq göstərərək, onu hakimiyyətdən devirməyə çalışır. Bununla bağlı mən hələ 4 ay öncə KİV-lərdə də bildirmişdim ki, Sankt-Peterburqdakı erməni diasporu Ukraynada yaralanıb qayıdan 300-ə yaxın "Vaqner"çiləri Gümrüdəki 102-ci Rusiya hərbi bazasına yerləşdirib. Məqsəd də Ermənistandakı Paşinyan hakimiyyətinin devrilməsi prosesinə yaxından dəstək verməkdir. Artıq Ermənistanda bu proses başlayıb. Ötən gün erməni mediası da məlumat yayıb ki, 3 min nəfərlik "Vaqner" dəstəsi Ermənistandadır. Yəni, verdiyim məlumat bir daha öz təsdiqini tapdı".
Telman Qasımov deyib ki, Xankəndidəki separatçı qüvvələr gecə-gündüz Kremlin siyasi norativlərinin təbliği ilə məşğuldur:
"Buna baxmayaraq, Azərbaycan dövlətinin öz "qırmızı xətti" var. Həmin "qırmızı xətt" beynəlxalq birlik tərəfindən də qəbul olunur. Bu, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı və Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıdır. Hətta, separatçıların son "prezident seçkisi" keçirməsi olsa belə, Avropa Birliyi, ABŞ, İran, Gürcüstan, Böyük Britaniya, Türkiyə, Moldova, Ukrayna, MDB və digər ölkələr bu "seçkiləri" qeyri-legitim adlandırdılar".
Elmar Heydərli Demokrat.az


