Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Birincilər hər nə qədər hazırlıq qruplarında məktəb mühitilə tanış olsalar da artıq davamlı şəkildə dərsə getmək onlar üçün fərqli təcrübədir. Bölgələrdə, ucqar yerlərdə isə azyaşlıların əksəriyyəti ümumiyyətlə məktəbəhazırlıq qruplarında iştirak etmir. Bəzi uşaqlar məktəbə getmək istəmir, ilk vaxtlar yeniliyə uyğunlaşa bilmirlər. Belə olan halda valideynlərin məsuliyyəti daha da artır.
Psixoloq Rövşən Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, ilk dəfə məktəbə gedəcək uşaq əvvəlcədən sinif yoldaşları və sinif rəhbərilə tanış olsa, kollektiv görüş təşkil olunsa, ona adaptasiya daha rahat olar:

“Valideyn uşağın məktəbə getmək istəməməsinə, neqativ davranışlarına səbirlə yanaşmalıdır. Əsas iş sinif rəhbərinin üzərinə düşür. Uşaqlara sinif mühitinin doğmalığını hiss etdirməlidir. Bu isə peşəkarlıqdan asılıdır. Müəllim həm pedaqoq, həm də psixoloq olmalıdır. Hər bir uşaq müxtəlif ailədən gəlir, düşüncələri fərqli olur. Müəllim bütün fərqlilikləri eyni anda və bərabər şəkildə idarə edə bilməlidir”.
Törə Zeynallı Demokrat.az


