Son günlər sosial şəbəkələrdə Azərbaycanla Ermənistan arasında yenidən müharibə olacağına dair fikirlər dolaşır. Separatçılar son dövrlərdə fəallaşıb, Ermənistan sülh danışıqlarından yayınır, proses bir qədər kölgədə qalıb. Ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə cəlb olunması isə müharibə ehtimalını daha da artırıb.
Hərbi ekspert Ramil Məmmədli Demokrat.az-a açıqlamasında müharibə ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib:
“Əslində üç ildir vəziyyət gərgindir. Ermənistan heç bir halda şərtlərlə razılaşmır. Müharibə bitdikdən sonra ilk üç ay ərzində əməl etdiyi şərtləri həmin vaxtdan sonra faktiki olaraq həyata keçirmir. Həm Qarabağda, həm də Ermənistan – Azərbaycan şərti sərhədində erməni ordusu maksimum mövqelər ələ keçirməyə cəhd edir. Bu situasiya cəmiyyətdə yeni bir müharibə ehtimalının reallaşacağı barədə fikir formalaşdırır. Ola bilər, hansısa istiqamətlərdə lokal hərbi əməliyyatlar həyata keçirilsin, bu zaman da Azərbaycan ordusu müəyyən uğurlar əldə edəcək. Lakin irimiqyaslı hərbi əməliyyatların, müharibənin olma ehtimalı çox aşağıdır.
Ekspert deyib ki, Ermənistanın ABŞ ilə yaxınlaşması regionda Azərbaycanın imkanlarını bir qədər də artırır:
“Rusiya – Azərbaycan strateji əməkdaşlığı formatında Ermənistan üzərində üstünlük arta bilər. Mövcud vəziyyətdə prosesə hansı formada start veriləcəyi hələ bəlli deyil. İldə bir dəfə ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə çağırılır. Düşünürəm ki, bununla bağlı narahatlıq yoxdur”.
Törə Zeynallı Demokrat.az


