Hindistan düyü ixracına qadağa qoyub. Birləşmiş Ərəb Əmirlikləri və Rusiya da bu məhsulun ixracına məhdudiyyətlər tətbiq edib.
Azərbaycanda düyünün qiyməti bahalaşacaqmı?
İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, Hindistanın bu qərarı dünya bazarlarına ciddi təsir edəcək:
“Hindistan dünyada düyü istehsalı və ixracı sektorunda böyük paya sahibdir. Düyü ticarətindən faydası 40 faizə yaxındır. Azərbaycan da düyüyə tələbatın əsas hissəsini Hindistanın hesabına ödəyir. Lakin Pakistan və İrandan da düyü idxal edir. Bazarda “basmati” düyülərinin çəkisi böyükdür. Hindistanın qadağan etdiyi digər düyü növləri ümumi düyü ixracının 25 faizini təşkil edir. Düşünürəm ki, bu qadağa davamlı olmayacaq. Çünki yerli sahibkarlara bu, mənfi təsir edəcək”.
Ekspert qeyd edib ki, ölkədə idxaldan asılılıq yuxarı səviyyədədir:

“Azərbaycanın illik çəltik istehsalı təxminən 15 min tondur. Bunun 20 min tona çatdırılması mümkündür. Gübrənin qiymətində müəyyən artımın olması çəltik sahəsinə mənfi təsir etdi. Azərbaycanda düyüyə olan tələbat 50 min tondan artıqdır. Yerli çəltik istehsalı 15 min ton olsa da bunun hamısı qidaya yararlı deyil. Yerli istehsalla daxili tələbatın təxminən 15 faizindən bir qədər artığını təmin edə bilirik”.
E.Əmirov ciddi qiymət artımının olacağını real hesab etmir:
“Hindistan bu qadağanı davamlı saxlayarsa və Azərbaycanın düyü idxal etdiyi digər ölkələrdə də oxşar qadağalar qüvvəyə minərsə, o zaman real qiymət artımı ola bilər. Belə olan halda bunun qarşısını almaq üçün məhsulun ƏDV-dən azad edilməsi və ya ƏDV-nin minimallaşdırılması lazım gələcək”. Törə Zeynallı Demokrat.az


