Təhsilin bütün pillələri fərdin inkişafında özünəməxsus rol oynayır. Təhsilli insan təhsilli cəmiyyət deməkdir. Cəmiyyətin inkişafı isə bilavasitə ölkənin tərəqqisinə xidmət edir. Azərbaycanda təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir. Dövlət siyasətinin əsas prioritetlərindən birini məhz bu istiqamət təşkil edir. Son illər təhsildə köklü islahatlar aparılır. Müasir çağırışlardan irəli gələn metodlardan istifadə olunur, təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilir, maddi-texniki baza gücləndirilir, yeni qiymətləndirmə modelləri tətbiq olunur, tədrisdə informasiya – kommunikasiya texnologiyalarından istifadə imkanları genişləndirilir, təhsilverənlərin peşəkarlığı artırılır.
Ölkənin dayanıqlı inkişafında ali təhsilin müstəsna rolu var. Qlobal dəyişikliklərin baş verdiyi müasir dövrdə məhz ali təhsil iqtisadiyyatda davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Ali təhsilin əlçatanlığının artırılması, ölkədə yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul edilib.

Ali təhsil həm də elmi fəaliyyət deməkdir. Lakin ölkədəki bir çox universitetlərin elmi-praktiki istiqamətdə fəaliyyəti elə də ürəkaçan deyil. Dünya təcrübəsi onu deməyə əsas verir ki, artıq elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yeniliklər nəzərə alınmaqla inkişaf etdirilməlidir. Universitetlər ölkədə elmin inkişafına töhfə verməlidir. Təəssüf ki, Azərbaycan bir çox elm sahəsində dünya təcrübəsindən geri qalır, tələbələr əksər hallarda yalnız universiteti bitirdikdən sonra iş prosesində praktikaya yiyələnir, təcrübə əldə edirlər. Universitetlərin elmi istiqamətdə fəaliyyət göstərməsi üçün tədrisin təşkilində dəyişikliklərin edilməsi zərurətə çevrilib. 
Biologiya elmləri doktoru, professor Tokay Hüseynov Demokrat.az-a açıqlamasında bu istiqamətdə çatışmazlıqların olduğunu deyib.
“Götürək Bakı Dövlət Universitetini – Azərbaycan universitetlərinin flaqmanıdır, amma onun biologiya və kimya fakültələrinin heç birində reaktiv yoxdur, laboratoriya təchizatı çox zəifdir. Sadəcə bir-iki otaq avadanlıqla təmin olunur, internet çəkilir – görüntü yaradılır, dərsin keyfiyyəti isə ildən-ilə aşağı düşür. Qocaman müəllimlərin bir hissəsi təqaüdə çıxır, yeni kadrlar azdır. Universitetlər təchizat baxımından çox geri qalıb. Bir neçə avadanlıq alınır, o da hamıya çatmır. Neçə ildi magistrlara dərs deyirəm. İldən-ilə zəif tələbələr gəlir. Test üsulu onları yanıldır, sadəcə suala cavab verirlər. Yeniliklərdən xəbərsiz olurlar, yeni nəsə öyrətmək də mümkün olmur, çünki infrastruktur yoxdu. İndiki müəllimlər də zəifdi, əvvəlki müəllimlər də lazımı avadanlıq olmadığı üçün biliklərini tam şəkildə çatdıra bilmirlər. 4-5 avadanlıq bir universitetə kifayət deyil”.
Onun fikrincə, universitetlə elm birləşməlidir: 
Bilmək lazımdır ki, hansı universitetlərin daxilində elmi tədqiqatlar aparıla bilər. Elm sürətlə inkişaf edir, biz geridəyik. 70-80-ci illərdə inkişaf daha çox idi. İndi o cür müəllimlər, professorlar yoxdur”.
Professor onu da qeyd edib ki, təhsil strategiyası düzgün düşünülüb. Lakin bu, hazırlıq tələb edir:
“Dərs dediyim fakültədən bir nümunə çəkim - biofizikia və biokimya kafedralarını birləşdirdilər. Bunlar bütün dünyada ayrıdır. Hətta Rusiyada bu belədir. Bizdə isə birləşdirdilər, çünki avadanlıq çatışmır. Müəllimlər necə, nədən dərs deyir? Kimya dərsində müəllim reaksiyanı əyani göstərməlidi, lakin sadəcə lövhəyə formulunu yaza bilir. Tələbə reaksiyanı canlı görməlidi. Elm nəzəriyyədən ibarət deyil.
Fiziki və kimyəvi təcrübələr üçün 12 ədəd cihaz alınıb, lakin onların quraşdırılması 5-6 min pul tələb edir, bundan əlavə onlarla işləyə biləcək mütəxəssislər lazımdı. Elm böyük vəsait tələb edən sahədi.
Müəyyən qədər büdcə ayrılır, lakin səmərəli xərclənmir. Ayrılan pullara tədbirlər keçirilir, əsl məqsədə xidmət etmir. Yetişən tələbələr bundan sonra necə dərs deyəcək – bu məni çox düşündürür. Təcrübəm var, vəziyyətin acınacaqlı olduğunu görürəm”.
Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovun sözlərinə görə, Azərbaycanda təhsil və ya tədqiqat universiteti deyə bir ayırım yoxdur. Universitet həm tədrislə, həm də elmlə, tədqiqatla məşğul olmalıdır:
“Belə bir ayırım olmadığı üçün son 30 ildə universitetlərimiz tədrisi ön plana çıxarmağa meyil edib, tədqiqatı bacarmayıb. Müasir tələblər, universitetlərdə əməkhaqqı, təhsil almaqçün xaricə üz tutan tələbələrin sonradan yerli təhsilə cəlb edilə bilməməsi – bütün bunların nəticəsində ali təhsil ocaqlarımız tədqiqat cəhətdən sinifdə qalıb. Son illərdə isə müəyyən dəyişikliklər müşahidə olunur. Bakı Mühədislik Universiteti, İqtisadiyyat Universiteti, Tibb Universiteti, Bakı Dövlət Universitetində müəyyən tədqiqatlar aparılır. Universitetlərin reytinq cədvəlində müəyyən özəlliklərinə görə sıralamada çox yüksəkdə olmasa da qərarlaşa biliblər. Elmi – praktiki fəaliyyətin olmadığını demək düzgün olmaz, lakin dünya ölkələrilə müqayisədə zəifdir”.

Ekspert bildirib ki, tələbələri elmi – praktiki fəaliyyətə cəlb etmək üçün ilk növbədə müəllimlər dəyişməlidir:
“Tədqiqat təcrübəsi və bacarığı olan müəllimlər dəvət edilməlidir. Onların tədqiqatla məşğul olması üçün müəyyən zaman ayrılmalıdır və həmin müddət maaşda nəzərə alınmalıdır. Hazırda universitetlərdə müəllimlər tədqiqata görə maaş almadıqları üçün sadəcə tədrislə məşğul olurlar. Hətta bir neçə universitetdə dərs deyən müəllimlər var, bir çoxu repititorluqla da məşğul olur. Məvacib nəzərdən keçirilməlidir. İnfrastruktur qurulmalıdır ki, tədqiqat üçün mühit olsun. Xarici mübadilə proqramları ilə tədqiqat üsulları öyrənilməlidir, yeni biliklər idxal edilməli, xaricdən müəllimlər gətirilməlidir. Növbəti addım isə tələbələrlə bağlı start – up mühitinin formalaşdırılmasıdır. Müəyyən platformalar təşkil olunmalı, yarışlar keçirilməlidir. “Sabah lab” İnkubasiya Mərkəzi buna misaldır. İngilis dilində araşdırma, tədqiqat bacarıqları aşılanmalıdır. Xarici təcrübəyə əsasən deyə bilərəm ki, artıq inkişaf etmiş ölkələrdə orta məktəb dövründən şagirdlər bu istiqamətdə yetişdirilir. Bizdə bir çox universitet müəlliminin belə bilmədiyi məsələləri onlarda orta məktəb şagirdləri bilir. Geniş nəzəri biliklərə, savada malik müəllimlərimiz var, amma biliyi tədqiqata və ya məhsula çevirmək mövzusunda geri qalırıq”.
Törə Zeynallı Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda yayımlanır.


