Lənkəranda 1980-ci il təvəllüdlü Əhməd azyaşlı qızı Sevdaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 22-də Lənkəran rayonunun Bəlləbur kəndində baş verib.
Sevdanın Əhmədin ünvanına xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında münaqişə yaranıb.
Münaqişə zamanı Əhməd qəsdən yumruq ilə Sevdanın vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəlidir, 3 övladı var: “Azyaşyaşlı qızım Sevda ilə hadisə baş verən günü, saat 18 radələrində mübahisə etdik. Sevda ünvanıma xoşagəlməz ifadələr işlətdi. Bu səbəbdən aramızda münaqişə baş verdi. Münaqişə zamanı qəsdən Sevdanın üz bədən nahiyələrinə yumruqla vuraraq xəsarət yetirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, törətdiyi əməldən peşmandır, qızı ilə barışıb, ona dəymiş ziyanı ödəyib.
İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, atası və anası ilə birlikdə yaşayır: “İyunun 22-də mobil telefonla danışmağımı atam gördü. Ona görə də kiminlə danışdığımı soruşdu. Mən isə rəfiqəmlə danışdığımı atama bildirdim. Atam mənə niyə rəfiqəmlə mobil telefonda danışdığımı soruşdu. Bundan əlavə atam hələ azyaşlı olduğum üçün rəfiqəmin ola bilməyəcəyini bildirdi. Atamın sözündən əsəbiləşdim və ona cavab qaytardım. Atam üz və bədən nahiyələrimə yumruqla vuraraq mənə xəsarət yetirdi. Baş vermiş hadisədən əsəbiləşərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Lənkəran şəhər-rayon polis şöbəsinə ərizə ilə müraciət etdim”.
Zərərçəkmiş şəxs ifadəsinin sonunda atası ilə barışdığını, ona qarşı şikayəti olmadığını bildirib.
Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Əhmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


