Gündəm Özəl

İş yerində işçinin mobil telefonu əlindən alına bilərmi? — Hüquqşünasdan CAVAB

İş yerində işçinin mobil telefonu əlindən alına bilərmi? — Hüquqşünasdan CAVAB

Bəzi müəssisələrdə iş vaxtı işçilər mobil telefondan istifadə edə bilmirlər. Xüsusən də marketlərdə, kafe və restoranlarda belə hallar yaşanır. Nahar vaxtı istisna olmaqla, iş saatının sonuna qədər işçinin mobil telefondan istifadəsi qadağan edilir. İlk baxışda bu, normal hesab oluna, işdə nizam-intizamı qorumaq, işçinin daha məsuliyyətli olması üçün atılmış bir addım kimi dəyərləndirilə bilər. Lakin bir qədər düşündükdə işçinin hüquqlarının pozulduğunu aydın görmək olur. Hüquq pozuntusu bir kənara qalsın, daha pisi odur ki, şəxs bir yaxınının, ailə üzvünün, övladının başına gələn bədbəxt hadisədən, həmin an düşdüyü çətin vəziyyətdən xəbərsiz ola bilər. Telefonuna zəng, mesaj gələ, o isə cavab vermək iqtidarında olmaya bilər. Sırf buna görə bədbəxt hadisə yaşansa, kim cavabdehlik daşıyacaq?

Hüquqşünas Əsabəli Mustafayev Demokrat.az-a açıqlamasında deyib ki, heç bir iş yerində işçinin mobil telefonu əlindən alına bilməz, bu, hüquq pozuntusudur: “Nə polisin, nə prokurorluğun, nə Dövlət Təhlükəsizlik Xidmətinin, xüsusilə də mülki şəxslərin kiminsə əlindən mülkiyyətində olan telefonu alıb, istifadəsinə məhdudiyyət qoymaq hüququ yoxdur. Bu, birmənalıdır.

Mülkiyyət hüququna hörmətsizlik bir çox qurumlarda var. Bu hal ilk növbədə elə dövlət orqanlarından başlayır. Hansısa nazirliyə gedirsən, telefonu alırlar, polisə, məhkəməyə gedirsən, orada da həmçinin. Ayrı-ayrı müəssisələr, sahibkarlar da bunu görür, başlayırlar eynisini tətbiq etməyə, işçinin hüquqlarını pozurlar. Dövlət müəssisələri bu məsələdə nümunə olmalıdır”.

Onun sözlərinə görə, dövlət orqanlarındakı məhdudiyyətlə hər hansı digər müəssisədə qoyulan məhdudiyyətin məqsədində fərq var:

“Əvvəllər dövlət orqanlarından məlumatlar yayılırdı, səs yazıları, videogörüntülər yayırdılar, xüsusən də rüşvət halları ilə bağlı. Bundan çıxış yolu kimi qurumun binasına daxil olarkən telefonları təhvil verməyi qayda kimi qoydular. Müəssisələrdə isə işə götürən bunu yəqin ona görə edir ki, işçinin başı telefona qarışmasın, işini görsün, daha diqqətli olsun. Hər iki halda bu, qanunsuzdur”.

Ə.Mustafayev əlavə edib ki, əmək müqaviləsində bu kimi hallar qeyd olunmalıdır:

İş yerində işçinin mobil telefonu əlindən alına bilərmi? — Hüquqşünasdan CAVAB

“İşəgötürən hesab edirsə ki, telefondan istifadə işçini işdən yayındırır – etiraf edək ki, belə hallar olur, o zaman əmək müqaviləsində bunu qeyd etmək olar. Məsələn, qeyd oluna bilər ki, iş vaxtı telefondan sosial şəbəkələrə girmək, oyun oynamaq məqsədilə istifadə etmək qadağandır. Yalnız təcili hallarda telefondan istifadə oluna bilər, təbii ki, telefon işçinin özündə qalmaq şərtilə. Əmək müqaviləsində bu nüans qeyd olunsa, işçi də bununla razılaşıb, imzalasa, məsələ qismən həllini tapar. Bəzi iş yerlərində xüsusi qaydalar olur. Forma geyinmək kimi, işçi də bunu əvvəlcədən bilir. Və ya işçi iş vaxtı üzərində müəyyən lavazimatları, alətləri daşımalı olur. Mobil telefon məsələsini də öncədən diqqətə çatdırmaq lazımdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova