Avqustun 30-da Paris şəhərinin meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiətilə İrəvandan "humanitar yüklə" dolu 10 maşın Laçın sərhədinə gəldi. Lakin gözlənildiyi kimi Azərbaycan tərəfi maşınları Xankəndiyə buraxmadı.
Ardınca Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağrıldı. Onun diqqətinə çatdırıldı ki, Azərbaycanla razılaşdırmadan onun suveren ərazisinə hər hansı yükləri keçirmək cəhdi təxribatçı hərəkətdir.
Bir neçə gün öncə isə Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng etdi. Bölgədə gərginliyin aradan qaldırılması, sabitliyin əldə olunması üçün Fransa tərəfinin töfhə verməyə hazır olduğunu bildirdi.
Maraqlıdır, Fransa bu cür beynəlxalq qanunazidd hərəkətlərləmi sülhün əldə olunmasına töhfə verir?
Politoloq Tural Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, Fransanın Xankəndiyə humanitar yardım göndərməkdə məqsədi orada yaşayan erməni əsilli əhaliyə kömək etmək deyil:
“Öz siyasi maraqlarından irəli gələrək həm Afrikada itirdiyi nüfuzu kompensasiya etmək, həm də bölgədə gərginlik yaratmaq niyyətindədir. Bununla özünə divident qazanmaq istəyir – sülhün əldə olunması istiqamətində atılan addımlar iflasa uğrasın, Fransa da öz maraqlarını təmin etsin”.
Onun sözlərinə görə, Fransanın hərəkətləri əslində Rusiyanın xeyrinədir:
“Çünki bölgədə eskalasiya nə qədər davam edərsə, Rusiya daha çox ön plana çıxar və həlledici rol oynayar. Daxildə erməni diasporunun təsiri, şəhər merlərinin humanitar yardımlar göndərməsi və Fransanın terrorçuları müdafiə etməsi onun separatizmə dəstək verdiyini göstərir”.
T.Əliyev onu da əlavə edib ki, beynəlxalq hüququn normalarına əsasən hər hansı ölkəyə humanitar yardım göndərilirsə, həmin ölkədən rəsmi şəkildə icazə alınmalıdır. Razılıq verilərsə, yüklər sərhəddən buraxıla bilər.
Törə Zeynallı Demokrat.az


