Gündəm Özəl

"Necə olur, polis, məhkəmə işçilərinin vahid forması mövcuddur, məktəblər isə fərqlənir" — Təhsil eksperti

Necə olur, polis, məhkəmə işçilərinin vahid forması mövcuddur, məktəblər isə fərqlənir — Təhsil eksperti

Yeni dərs ilinə sayılı günlər qalıb, lakin məktəbli forması ilə bağlı problemlər həllini tapmaq bilmir. Bəzi direktorlar Nazirlər Kabinetinin məktəbli forması ilə bağlı son qərarına əsasən valideynləri yeni forma almağa məcbur edir. Elə ailə var ki, imkanı yoxdur təzə forma almağa və ya çoxuşaqlı ailədir. Sual yaranır - uşaq məktəbə getməsin?! Axı ölkədə orta təhsil icbaridir.

Mövzu ilə bağlı Demokrat.az-a danışan təhsil eksperti Nadir İsrafilovun fikrincə, forma nizam-intizamdır, məktəbin atributudur, şagirdə məsuliyyət aşılayır:

“Məktəbli forması sosial ədalətsizliyi aradan qaldırır. Şagird görür ki, sinifdə hamı eyni geyinib, onda uşaqlıqdan sosial bərabərlik haqda düşüncə formalaşır. Təəssüf ki, indiki halda bu “vahid” sözü vahidliyi əks etdirmir. Son qərarda bir neçə eskiz çəkildi, seçimsə məktəbin ixtiyarına buraxıldı”.

Ekspert deyir ki, söhbət vahid məktəbli formasından gedirsə, bütün respublikada məktəblərdə bir cür geyim olmalıdır:

“Elə ailə var ki, orada beş uşaq var, valideynin hamısına forma almağa imkanı yoxdur. Necə olur, polis, məhkəmə, prokurorluq işçilərinin hərəsinin vahid forması mövcuddur, məktəblərdə isə fərqlənir. Bəyəm Nəsimi rayonu polisi ayrı forma geyinir, Sumqayıt polisi ayrı?! Bir sıra məktəblərdə artıq müəllimlər də vahid formaya keçiblər. Çox gözəl görünür”.

Necə olur, polis, məhkəmə işçilərinin vahid forması mövcuddur, məktəblər isə fərqlənir — Təhsil eksperti

N.İsrafilov hesab edir ki, məktəbli formasını məktəbin öhdəsinə buraxmaq düzgün deyil:

“Uşağı formaya görə məktəbdən çıxarmaq olmaz. Amma hərənin öz istədiyi geyimdə məktəbə gəlməsi də düzgün deyil. Ən azından geyimin üst hissəsi açıq rəngə, alt hissəsi isə tünd rəngdə olmalıdır.

Çoxuşaqlı ailələrdə şagirdlərin məktəbli formasına gəldikdə isə bu, dövlət hesabına verilə bilər. Bundan başqa şəhid, qazi ailələrinin övladları da pulsuz təmin oluna bilər. Dövlət sosial yönümlü siyasət yeridir. Hesab edirəm ki, müəyyən kateqoriya məktəbliləri imkanlı şəxslər, iş adamları forma ilə təmin etsə, yaxşı olar”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova