Rusiyanın Ermənistanın Azərbaycanla sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) monitorinq missiyasını yerləşdirmək təklifi qüvvədə qalır.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasından bildirilib. O da qeyd olunub ki, Rusiya ABŞ, Avropa İttifaqı və ayrı-ayrı Qərb ölkələrinin regiondakı vəziyyətin nizamlanmasına müdaxilə etmək cəhdlərini qeydə alır.
“Hələ 44 günlük müharibə zamanı Ermənistan KTMT-ni köməyə çağırdı. Lakin müharibə Azərbaycan ərazisində getdiyindən, Ermənistan qoşunları bu ərazilərdə olduğundan və işğalçı tərəf Ermənistan özü olduğundan KTMT öz qüvvələrini buraya yeridə bilməzdi. Buna nə təşkilatın nizamnaməsi, nə də beynəlxalq qanunlar icazə verir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. O bildirib ki, Putin də bu məsələdə Ermənistana istədiyini vermədi:
“Dəfələrdə qeyd etdi ki, müharibə Azərbaycan ərazisində getdiyi üçün Rusiyanın buna qarışmaq ixtiyarı yoxdur, əgər Azərbaycan Ermənistan ərazisini işğal edərsə, o zaman KTMT Ermənistana kömək edə bilər. Məğlub olduqdan sonra, xüsusilə 2022-ci ilin sentyabrında Azərbaycan Ermənistanın nəzarətində olan bəzi yüksəklikləri ələ keçirdi. O vaxt yenə Ermənistan KTMT-yə müraciət etdi ki, Azərbaycan onun 400 kv.km-lik ərazisini işğal edib. KTMT-nin müvafiq orqanları gəlib, vəziyyəti yerindəcə yoxladı və iddialar təsdiqini tapmadı”.
Politoloqun sözlərinə görə, Ermənistan Qərbin, xüsusilə də Fransanınn dəstəyilə rus qoşunlarını bölgədən çıxarmaq istəyir: 
Siyasi şərhçi hesab edir ki, Aİ ölkələri, eləcə də Fransa öz qoşunlarını bölgəyə yerləşdirə bilməz, Rusiya buna icazə verməyəcək:
“Ermənistan da öz növbəsində KTMT monitorinq missiyasının yerləşdirilməsinə razı olmayacaq. Vəziyyəti gərginləşdirməyə çalışsa da artıq Qərb də, ABŞ da başa düşür ki, Azərbaycanın irəli sürdüyü sülh müqaviləsi imzalanmalıdır. Qarabağdakı ermənilər də Azərbaycanın hakimiyyətini qəbul etməli olduqlarını başa düşürlər. Revanşist qüvvələr artıq qaçmağa başlayıb. Arutyunyan da ailəsini oradan çıxarıb, özü də Ararat dağının ətəyində yer alıb, oraya köçməyə hazırlaşır. Laçın nəzarət – buraxılış məntəqəsi fəaliyyətə başlayandan bəri separatçılar silah-sursat əldə edə bilmirlər. Rusiya pasportu almış ermənilərin bəzisi artıq Xankəndidən köçməyə başlayıb. Yerdə qalanlar da Azərbaycan vətəndaşlığını qəbul etmək barədə düşünür. Beləliklə, Azərbaycan öz suverenliyini və bölgədə təhlükəsizliyi təmin edəcək”.
Törə Zeynallı Demokrat.az


