Gündəm Özəl

"Qarabağ iqtisadi rayonumuzda humanitar böhran yoxdur" — AÇIQLAMA

Qarabağ iqtisadi rayonumuzda humanitar böhran yoxdur — AÇIQLAMA

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli şəxslərə ehtiyaclarını qarşılamaq üçün yardım göndərməsi beynəlxalq hüququn aliliyinin təmin olunması, regionda etimad mühitinin möhkəmlənməsi, habelə reinteqrasiya prosesinə maneə olan əngəllərin aradan qaldırılmasına xidmət edir.

Bildiyiniz kimi, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının beynəlxalq fəaliyyətinin təşkili haqqında 1997-ci il Sevilya Sazişinə ötən il edilmiş müvafiq dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rolun milli cəmiyyətlərə verilməsi qərara alınıb. Belə olan halda milli cəmiyyət olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin aparıcı rola malik olması artıq beynəlxalq hüququn imperativ şərtidir.

Bu fikirləri Demokrat.az-a açıqlamasındaMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüBəhruz Məhərrəmovdeyib. O qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti təxribatçı Qırmızı Xaç Komitəsindən fərqli olaraq 100 ildən artıq bir müddətdə irqi, dini, milli mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq, bütün ehtiyaclı insanlara münasibətdə zəruri humanitar missiyanın həyata keçirilməsi istiqamətində ləyaqətlə fəaliyyət göstərir:

"Üstəlik, Ağdam-Xankəndi yolundan hər vəchlə imtina etməklə tam siyasiləşdiyini nümayiş etdirən BQXK-dan fərqli olaraq BQAC daha qısa, daha təhlükəsiz Ağdam-Xankəndi yolunu tərcih etməklə, həm də erməni sakinlərin Azərbaycanın aidiyyəti strukturları ilə birbaşa təmaslarını təşviq etməklə gərginliyin azaldılmasına töhvə vermiş olacaq.

Lakin unutmamalıyıq ki, BQAC-nin Qarabağın erməni sakinlərinə yardım yollaması həmin bölgədə "humanitar fəlakət olması barədə" iddiaları qəbul etməyimiz anlamına gəlmir. Bir daha səhih, dəqiq məlumatlara əsaslanaraq bildiririk ki, Qarabağ iqtisadi rayonumuzda separatçıların formalaşdırdığı süni siyasi gərginlikdən başqa heç bir problem, o cümlədən humanitar böhran yoxdur. BQAC-nin göndərdiyi yardım, Azərbaycanınreinteqrasiya prosesində səmimiliyinin və hazırkı durumda xoş niyyətinin, o cümlədən Ağdam-Xankəndi yolunun işlək, təhlükəsiz və daha səmərəli olmasının göstəricisidir. Eyni zamanda Bakı göstərmiş oldu ki, Qarabağın erməni sakinləri üçün yeganə nicat dalana dirənmiş, özü yardımlar hesabına ayaqda qalan Ermənistan yox, Xankəndindən Ağdama uzanan yolla yalnız Azərbaycandır"

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova