Hadisə Özəl

Keçmiş arvadını döyən kişiyə Bakıdan kənara çıxmaq qadağan olundu — TƏFƏRRÜAT

Keçmiş arvadını döyən kişiyə Bakıdan kənara çıxmaq qadağan olundu — TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1972-ci il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Əsmərə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Əfqan yaşadığı evdə Əsmərə yumruq zərbələri vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2006-ci ildə Əsmər ilə ailə quraraq rəsmi nikaha daxil olub, birgə nikahdan üç övladları var: “Əsmər ilə evləndikdən sonra bir müddət mehriban yaşasaq da, sonradan ər-arvad münasibətlərimiz pozuldu. Aramızda mütəmadi olaraq mübahisələr yaranmağa başladı. 2021-ci ildə isə rəsmi olaraq boşandıq. Lakin boşanmağımıza baxmayaraq övladlarımiz ilə birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı bağlar massivində nömrəsiz fərdi evdə yaşamağa davam etdik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü yaşadığı evin yaxınlığında kafedə spirtli içki qəbul edib və gecə saat 02.00-da yaşadığı evə gəlib: “Bu zaman oğlum musiqiyə qulaq asdığına görə əsəbiləşdim. Oğlumdan yatmasını tələb etdim. Bu vaxt Əsmər mənə qarşı nalayıq küçə söyüşləri söylədi və yataq otağına keçdi. Onun bu hərəkətindən əsəbiləşdim və yataq otağına daxil olaraq Əsmərin sol qoluna bir yumruq zərbəsi endirdim, onu itələdim. Nəticədə Əsmər özünü saxlaya bilməyərək otaqda olan taxta çarpayının üstünə yıxılı və yıxılan zaman sol ayağının diz nahiyəsi çarpayının taxtasına dəyərək xəsarət aldı. Həmin vaxt oğlum müdaxilə edərək bizi ayırdı”.

İş üzrə zərərçəkmiş Əsmərin sözlərinə görə, 2006-ci ildə Əfqan ilə ailə həyatı qurub, birgə nikahdan üç övladları olub: “Əfqan mütəmadi olaraq spirtli içki qəbul edərək evdə səbəbsiz yerə münaqişələr yaradıb. Əvvəllər məni döydüyünə görə 2021-ci ildə rəsmi olaraq boşandıq. Boşandıqdan sonra isə Əfqanla birlikdə eyni evdə yaşamağa davam etdik. Hadisə günü, gecə saat 02.00-da Əfqan sərxoş vəziyyətdə evə gələrək ailə məişət zəminində mübahisə yaratdı. Mənə qarşı nalayiq söyüşlər söyərək təhqir etdi. Sonradan mübahisə zamanı Əfqan sol qoluma bir neçə yumruq zərbəsi vuraraq məni əli ilə itələdi. Sol ayağımın diz nahiyəsi yataq otağında olan çarpayının taxtasına dəydi. Nəticədə xəsarət aldım. Hadisə zamanı oğlumuz orada olduğuna görə bizi ayırdı”.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Əfqan 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı Bağlar massivi, N.Əliyev küçəsində yerləşən nömrəsiz evi axşam saat 00.00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova