Abituriyentlərin ixtisas seçimi davam edir.
Hələ ki ixtisas seçənlər arasında say çoxluğu III qrup üzrə imtahan verənlərə aiddir – 13883 nəfər.
I qrup üzrə bu göstərici 13148 təşkil edir. İxtisas seçimində iştirak edən V qrup abituriyentlərin sayı isə ən azdır – 6877 nəfər.
Təhsil eksperti Elmin Nurinin sözlərinə görə, ixtisas seçimində say çoxluğu III qrupdan olan abituriyentlərə aid olsa da bu il I qrup üzrə informasiya texnologiyaları (İT) əsaslı ixtisaslara keçən il olduğu kimi daha çox yer ayrılıb:
“Bu il rekord sayda plan yeri məhz informasiya texnologiyaları ixtisasına ayrıldı – 1300 yer. Bu ixtisasın tədris edildiyi bütün universitetlərdə tək dövlət sifarişi əsasında bu qədər sayda yer ayrılıb, hələ ödənişli yerləri demirəm. Bundan əlavə yenə riyaziyyat-informatika (Rİ) alt qrupu üzrə kompüter elmləri ixtisasına isə dövlət sifarişli 850 yer ayrılıb. Kompüter mühəndisliyinə isə bundan da çox – 940 dövlət sifarişli yer ayrılıb. Bu, böyük göstəricidir. Nümunə üçün onu da deyim ki, II və III ixtisas qrupunda heç bir ixtisasa dövlət sifarişi əsasında nəinki 1300, heç 700 yer ayrılmayıb. III qrupda dövlət sifarişi əsasında maksimum yer sosial iş ixtisasına ayrılıb – 400 yer”.
Ekspert qeyd edib ki, ixtisas bölgüsündə dövlət strategiyası ağıllı düşünülüb: 
“Humanitar ixtisasların İT ixtisaslarını qabaqladığını düşünmürəm. Daha bir fakt – informasiya təhlükəsizliyinə 600 yer ayrılıb, bu, III ixtisas qrupunda maksimum göstəricidən aşağıdır. Dövlətə gələcəkdə lazım olan kadrlar, əsasən, müasir texnologiya, İT istiqamətində yetişən kadrlardır. Deyərdim ki, bu il humanitar təmayüllü ixtisaslara ayrılan yerlərin sayı kəskin şəkildə azaldılıb. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və xarici dil müəllimliyi ixtisaslarını çıxmaq şərtilə say azaldılıb. Tarix müəllimliyi 285, ibtidai sinif müəllimliyi 300, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 400, II qrupda coğrafiya müəllimliyinə isə cəmi 180 yer ayrılıb. Rəqəmlər bizə vəziyyəti aydın izah edir”.
Törə Zeynallı Demokrat.az


