Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Fərhad şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Fəridəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Fərhadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərhad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Fəridə onun həyat yoldaşıdır:
“Biz 2006-cı ildə ailə həyatı qurmuşuq. Birgə nikahımızdan 3 azyaşlı övladımız var. Ailə qurduqdan sonra münasibətlərimiz yaxşı olub. Lakin Fəridənin bəzi qadağalarına görə hərdən aramızda narazılıq olub. Lakin heç vaxt polisə müraciət etməmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə baş verən günü, saat 19 radələrində işdən gələn zaman Fəridəyə zəng edib və işdən evə gəldiyini bildirib:
“Fəridə isə anasının iftar süfrəsi verdiyini, evdə hazır yemək olduğunu bildirdi və anasının evinə getdiyini dedi. Təxminən saat 19.30-da evə çatan zaman qonşuluqda yaşayan bibim qızı Fidan yolda məni gördü və maşını saxlatdı. Mənə həyat yoldaşım Fəridənin məktəbdə “ondan və həyat yoldaşında” nə istəməsini soruşduğunu bildirdi. Fidan bizimlə heç bir işinin olmadığını və yoldaşıma özünü yığışdırmağı söyləməyimi dedi. Daha sonra Fidandan ayrılaraq evə gəldim. Fəridənin bu davranışlarından əsəbləşdim. Evdə əlim ilə onun boynundan tutaraq başını yerə əydim, əlim ilə sifətinə, başına vurdum. Sonra ona bu hərəkətlərə son qoymasını bildirdim. Bundan sonra Fəridənin uşaqları da götürərək evdən çıxdığını və barəmdə polisə şikayət etdiyini bildim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, aralarında baş verən mübahisə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol vağzalı ərazisində yaşadıqları evdə baş verib:
“Mübahisəyə səbəb Fəridənin mənimlə kobud danışması, bibim qızı Fidan və digər qohumlarım ilə əlaqəmi kəsməsi ilə bağlı dediyi sözlər olub. Hadisə zamanı 2011-ci il təvəllüdlü oğlum və 2016-cı il təvəllüdlü qızım evdə olub. Kənar heç kim aramızda baş verənlərin şahidi olmayıb”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Fərhadın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


