Kanada xarici işlər naziri Meloni Coli sentyabrda Ermənistana səfər edəcək. Onun səfər çərçivəsində Kanada səfirliyinin açılışında iştirak edəcəyi gözlənilir.
Erməni diasporunun aktiv fəaliyyət göstərdiyi ölkələrdən biri də Kanadadır. 44 günlük müharibə dövründə də hökumət ermənipərəst mövqeyilə yadda qalmışdı. Ermənistanda bu ölkənin səfirliyinin açılması onun anti-azərbaycan mövqeyini artıra bilərmi?
Demokrat.az-ın sualını cavablandıran politoloq Əhəd Məmmədlinin fikrincə, İrəvanda Kanada səfirliyinin açılmasının Azərbaycana ciddi təsiri olmayacaq:
“Baş nazir Castin Trüdo hakimiyyətə gəldikdən sonra Kanada anti-Azərbaycan və anti-Türkiyə mövqeyilə seçilir. Azərbaycanın Qarabağı azad etməsi, Türkiyənin dünyada güclənməsi Qərbdə iki ölkəyə qarşı ritorikanı artırır. Eyni proses Kanadada da baş verib. Lakin Kanada o, regiona hər hansı bir təsiri olmayan ölkədir. Hələ də Britaniyanın dominionu olaraq qalır, onun əsl rəhbəri Trüdo deyil, Britaniya kralıdır. Düzdür, Kanada “Böyük Yeddiliy”ə daxildir. Ermənilərin xeyrinə bəyanatlar verə, BMT-də çıxışlar edə bilərlər, amma Təhlükəsizlik Şurasının daimi üzvü belə deyil. Sözdə ermənilərin tərəfindən çıxış edə bilərlər, amma əməldə Azərbaycana qarşı ciddi bir addım ata biləcəklərini düşünmürəm”.
Törə Zeynallı Demokrat.az


