Rus rublu digər məzənnələr qarşısında sürətlə ucuzlaşır. Moskva birjasındakı 1 dollar təxminən 97 rubl, 1 avro isə 105 rubl təşkil edir. Bununla yanaşı, rubl manat qarşısında da dəyərini itirir. Azərbaycan Mərkəzi Bankının son məlumatına görə, 1 rubl 0.0176 manata qədər enib.
İqtisadçı ekspert Pərviz Heydərov Demokrat.az-a açıqlamasında deyib ki, rublun ucuzlaşması manatın dəyərinə təsir etməyəcək:
“Rus valyutası sərbəst üzən məzənnə rejimində mövcuddur. Bizdə isə milli valyutanın dəyəri inzibati yolla – Mərkəzi Bankın birbaşa nəzarətilə idarə olunur. Yəni ölkəyə daxil olan xarici valyutanın satışına əsasən Mərkəzi Bank stabil məzənnə siyasəti yeridir. Bizdə üzən məzənnə rejimi olsaydı, manat indi bahalaşmağa meyilli olardı”.

Ekspert qeyd edib ki, manatın nominal effektiv məzənnəsi möhkəmlənir:
“Ölkəyə xarici valyuta axını ölkədən çıxan xarici valyuta axınını dəfələrlə üstələyir. Bu da neftin qiymətinə görədir. Ona görə də rus rublunun, türk lirəsinin ucuzlaşmasının manatın dəyərinə bilavasitə açıq təsiri yoxdur, ola da bilməz”.
P.Heydərov bildirib ki, əgər milli valyuta ucuzlaşmırsa, digər valyutalar qarşısında möhkəmlənirsə, bu, idxal və ixracda dəyişikliyə səbəb olur:
“Rus mallarının Rusiyadan Azərbaycana ixracı artır, Azərbaycandan Rusiyaya ixrac olunan malların bazarda satışı isə çətinləşir. Çünki rublun dəyəri endiyinə görə malları əvvəlki effektiv gəlirlə satmaq mümkün olmur. Türkiyədə, Rusiyada milli valyutanın ucuzlaşması həmin ölkələrdən bizə ixracı artırır, bizdən xüsusən də qeyri-neft məhsullarının ixracını isə məhdudlaşdırır”.
Törə Zeynallı Demokrat.az


