Gündəm Özəl

Sosial şəbəkə “qəhrəman”ları: “Sahib olmadıqları keyfiyyətlərin yoxluğunu çəkirlər”

Sosial şəbəkə “qəhrəman”ları: “Sahib olmadıqları keyfiyyətlərin yoxluğunu çəkirlər”

Bəzən real həyatda tanıdığımız insanlar sosial şəbəkələrdə qarşımıza başqa simada çıxır. Sosial şəbəkələrin aludəçisinə çevrilən belə insanlar özlərini olduqlarından fərqli göstərməkdən də çəkinmirlər.

Bu barədə Demokrat.az-a danışan psixoloq Gülnar Orucova deyir ki, belə insanlar təəssüf ki, başqaları üçün örnəyə çevrilir.

“Blogerlər, influenserlər gündəlik həyatlarını sosial şəbəkələrdə yaşayırlar. Səhərdən axşama kimi etdiklərini paylaşırlar – səhər yeməyi, günorta məşğuliyyətləri, idman məşqləri, axşam gəzintiləri... Onları izləyən insanlar da düşünür ki, həyatları ancaq xoş hadisələrdən ibarətdir. Bəziləri hətta etikadan kənar şeylər də paylaşırlar, bu, doğru deyil. Onların sevgililəri, həyat yoldaşları ilə kino, restoran əyləncələrini izləyən insanlar düşünmürlər ki, sosial şəbəkədə xoşbəxt görünən cütlüklər buna qədər bir-birini bəlkə də incidib, dava ediblər. Hələ görməmişəm ki, hansısa məşhur sosial şəbəkədə kədərli anını paylaşsın”.

Psixoloqun fikrincə, insanlar başa düşməlidir ki, hər kəsin həyatında problem də var, bədbəxt anlar da.

“Sosial şəbəkələrdə özlərini hər zaman xoşbəxt göstərənlərin məqsədi özlərini imkanlı, üst təbəqənin nümayəndəsi kimi təqdim etməkdir. Özlərini reklam edirlər. Bəzən gözəl olmayan birini gözəl, varlı olmayanı varlı kimi qəbul edirik. Sosial şəbəklərdə hər paylaşılana inanmaq olmaz”.

Sosial şəbəkə “qəhrəman”ları: “Sahib olmadıqları keyfiyyətlərin yoxluğunu çəkirlər”

G.Orucova ona da diqqət çəkib ki, bəzən sosial şəbəkədə sosiallıq nümayiş etdirən insan real həyatda heç də ünsiyyətcil, aktiv olmur.

“Hər kəs özünü olmaq istədiyi, lakin ola bilmədiyi bir obrazda təqdim edir. Sosial olmayan biri sosiallıqdan, tərbiyəsi olmayan tərbiyədən, əxlaqdan, yalançı biri dürüstlükdən danışır. Sahib olmadığı müsbət bir xarakterin şüuraltında yoxluğunu çəkir və özünü həmin müsbət keyfiyyətə malik biri kimi göstərməyə çalışır. İnsanların olduğu kimi görünməməsinin səbəbi də özlərinə güvənin olmamasıdır. Uşaq vaxtı ailədən, valideyndən görmədikləri sevgi və nəvazişi kənardan diqqət çəkməklə tamamlamağa cəhd edirlər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova