Lənkəranda 1969-cu il təvəllüdlü Qalib ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aytənə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 5-də Lənkəran rayonu, Nərimanabad qəsəbəsində baş verib.
Qalib ailə məişət münasibətləri zəminində yaranmış münaqişə zamanı Aytənin ona spirtli içki qəbul etdiyinə görə etdiyi etiraz səbəbindən onun boyun nahiyəsinə qəsdən bir neçə dəfə yumruq zərbəsi vurub.
Hadisəni törədən Qalibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qalib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs arvadıdır, bir yerdə yaşamaqla 3 övladları var: “Əvvəllər arvadım ilə münasibətlərimiz normal olsa da, sonradan hər bir ailədə olduğu kimi mənim ailəmdə də ailə-məişət münasibətləri zəminində mübahisələr oldu. Mən spirtli içkilər içdiyimdən buna görə Aytən evdə münaqişə yaradıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 19 radələrində işdən evə gələndən sonra spirtli içki qəbul edib: “Arvadım Aytən spirtli içki içdiyimi bildi. Məndən niyə spirtli içki içdiyimi soruşdu. Mən işdən sonra bədənimdə ağrılar olduğunu, ona görə içdiyimi dedim. Aytən əsəbləşib evin əşyalarını yerə dağıtdı, məni nalayiq söyüşlərlə söydü. Mən də əsəbləşdiyimdən Aytənin üstünə hücum edərək yumruqla başından və boynundan vurdum. Bundan sonra Aytən polisə gedib şikayət etdi”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Aytənin sözlərinə görə, 1996-cı ildə Qaliblə ailə həyatı qurub və birgə nikahdan 3 övladı var: “Ailə qurandan sonra Qalib hər dəfə spirtli içki içdiyindən evdə münaqişələr yarandı. Mən də yaşadığım illər ərzində uşaqlarıma görə, ərimin hərəkətlərinə dözmüşəm. Ancaq bu hal getdikcə pisləşdi. Ərim spirtli içki qəbul edəndən sonra özünü idarə edə bilmədi. Ərimə içki içməməyini bildirdikdə daha da əsəbləşdi. Məni söydü və uşaqları ilə pis rəftar etdi. Dəfələrlə ondan şikayət etsəm də, Qalib hərəkətlərindən əl çəkmədi”.
Zərərçəkmiş bildirib ki, mayın 5-də, saat 18 radələrində işdən çıxaraq evə getmək üçün Lənkəran rayon avtovağzalında olan marşruta minib: “Ərim Qalibin də marşrutda oturduğunu və sərxoş vəziyyətdə olduğunu gördüm. Qalib mənə içməyəcəyini söz versə də, onun vəziyyəti məni məyus etdi. Qəsəbəyə çatandan sonra marşrutdan düşüb evə getdim, ancaq Qalib dükana getdi. Təxminən 20 dəqiqədən sonra evə gələn Qalibin yenidən spirtli içki alıb içdiyini gördüm. Buna görə ona irad bildirdim və mübahisə etdik. Mübahisə zamanı Qalib ev əşyalarını dağıtmaqla üstümə hücum çəkib yumruqla başımdan, boynumdan vurdu”.
Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Qalibin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


