Siyasət Özəl

“İran Hizbullaha sığınıb, azərbaycanlıları hədələyir” — Politoloq

“İran Hizbullaha sığınıb, azərbaycanlıları hədələyir” — Politoloq

“Hizbullah” lideri Həsən Nəsrullah bir neçə gün əvvəl Cənubi Azərbaycan türklərinə müraciət edib.

İranın dini lideri ayətullah Seyid Əli Xamenei deyib ki, Nəsrullah İrandakı azərilərə salam göndərir.

Nəsrullah güneydəki soydaşlarımızı İranın ali rəhbəri ayətullah Xameneinin tapşırıqlarına əməl etməyə, sui-qəsdlərdə iştirak etməməyə çağırıb.

"Bu gün İrandakı vəziyyət heç də yaxşı deyil.İranda davam edən aksiyalar hökuməti narahat edir. Hökumətə qarşı çıxanlar arasında xeyli sayda Azərbaycan türkü var. Azərbaycanlılar İran əhalisinin sayının əhəmiyyətli hissəsini təşkil edir. Bu azərbaycanlılar arasında böyük maddi gücə sahib şəxslər var ki, iğtişaşları dəstəkləyə bilərlər".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

O qeyd edib ki, İranda qadınlara qarşı repressiyalar fonunda əhalinin sosial vəziyyəti daha çox önə çıxır.

“Mitinqdəki insanlar iqtisadi rifah, azadlıq istəyir. İran azərbaycanlılarının maddi dəstəyi molla rejiminin süqutuna gətirib çıxara bilər. 44 illik rejimin fəaliyyətini analiz edəndə o qənaətə gəlirik ki, bu müddət ərzində o, terrorçu qrupları dəstəkləyib, onlara böyük maddi yardımlar edib, silahlandırıb. Bir çox ölkələrdə terror aktlarının həyata keçirilməsi, müharibə, daxili savaşların baş verməsi və narkotik ticarətində İranın birbaşa əli var. Əməlləri ilə İran guya İslam dininin buyurduğu yolla gedir, halbuki İslamda terrorizm, günahsızları öldürmək yoxdur”.

R.Məmmədova deyib ki, İran Ermənistanı dəstəkləyən ölkələrlə bir sıradadır:

“Rəsmi Tehran Azərbaycanla münasibətlərini o həddə çatdırıb ki, artıq ölkə rəhbərliyi səviyyəsində ona mesaj verilir ki, şimal əraziləri bizim tarixi torpaqlarımızdır.

İslamı rəhbər tutan İran şiə məzhəbindən olan azərbaycanlılara qarşı ermənilərlə əlbir olur.İranın Azərbaycana zidd siyasəti bu gün Fransa, Hindistan, Livan kimi ölkələrin siyasətilə üst-üstə düşür. İran hakimiyyəti cənubdakı soydaşlarımız arasında nüfuzunu o qədər itirib ki, onlara qarşı Hizbullah kimi terrorçu qrupun köməyinə sığınır”.

“İran Hizbullaha sığınıb, azərbaycanlıları hədələyir” — Politoloq
Siyasi analitikin sözlərinə görə İran bu yolla cənublulara hədə-qorxu gəlməyə çalışır:

"Nəsrullahın azərbaycanlılara “salam”ı onların təbirincə bir xəbərdarlıqdır. Yəni ki, “siz İranın dediklərini etməsəniz, hakimiyyətlə yola getməsəniz, Hizbullah həm sizə, həm də Azərbaycan dövlətinin özünə qarşı gücdən istifadə edə bilər”. Terrorizmlə hədələyirlər bizi. Bu gün gücünü itirən İran kənar qüvvələrin əli ilə mövqeyini bərpa etməyə çalışır”.

Son olaraq R.Məmmədova əlavə edib ki, artıq molla rejiminin sonu çatmalıdır:

“Cənubdakı soydaşlarımıza səslənərək deyirəm ki, artıq ölkədə demokratiyanın vaxtı yetişib. Bu cür “xəbərdarlıq”lar bizi narahat etməməlidir. Çünki Azərbaycan artıq geopolitik baxımdan çox güclənib. Azərbaycan-Türkiyə birliyi İrana qarşı əsas silahdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova