Türkiyə mediasında dərc olunan məqalədə bildirilir ki, Ermənistanda yoxsulluq həddində yaşayan əhali Türkiyə ilə yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır.
Qeyd olunur ki, Paşinyanın Türkiyə ilə mehriban qonşuluq münasibətləri yaratmaq istəyi ABŞ və digər ölkələrdə yaşayan ermənilər tərəfindən sərt qarşılanır, erməni diasporu hər vəchlə buna qarşı çıxır, çünki onlar imperialist maraqlar güdürlər.
Məsələ ilə bağlı politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, erməni əhalisi ilə diasporunun Türkiyə və Azərbaycanla sülh münasibətlərinin qurulmasına baxışı hər zaman fərqli olub:
Turab Rzayevin sözlərinə görə, Ermənistan əhalisi indiki dövrdə real şəraitdən gileylənir:
“Ermənistan blokadadır, əhali bunun əziyyətini çəkir. Onlar həm Qarabağ müharibəsində, həm də sərhəddə baş verən insidentlərdə həlak olub, itkilər veriblər, ailələri bundan əziyyət çəkir. Rusiyaya köçüb, orada işləməyə məcbur olurlar. Azərbaycanla Türkiyə arasında sıxışıb qalan ermənilər iqtisadi imkanlardan, ticarətdən yararlana bilmirlər”.
Politoloq qeyd edib ki, Paşinyan bunları görür, ona görə də həm Azərbaycanla sülh müqaviləsi imzalamaq, həm də Türkiyə ilə əlaqələr qurmaq istəyir:
“Azərbaycanla sülh Ermənistana blokadadan çıxmağa, öz resurslarını iqtisadiyyata sərf etməyə, müharibənin itkilərindən qaçmağa kömək edə bilər. Türkiyə - Azərbaycan tandemini nəzərə alsaq, Azərbaycanla normallaşma Türkiyə ilə də əlaqələri yoluna qoya bilər. Erməni əhalisi Türkiyənin onlar üçün yaradacağı iqtisadi imkanlardan istifadə edə bilər. İndiki düşmənçilik şəraitində belə 200 minə yaxın Ermənistan vətəndaşı Türkiyənin müxtəlif şəhərlərində qanunsuz yolla yaşayır, işləyir”.
Ermənilərin tarixən sənətkarlığa və ticarətə meyilli millət olduğunu xatırladan siyasi şərhçinin fikrincə, onlar Türkiyədə sənətkarlıq sahəsindəki boşluğu rahatca doldura bilərlər:
“Həmin o 200 minə yaxın ermənidən soruşsaq, heç biri Ermənistana qayıtmaq istəmir. Çünki orada səfillik və aclıq hökm sürür. Onlar istəyir ki, yerdə qalan erməni vətəndaşlar üçün də belə fürsət yaransın”.

Ekspert erməni diasporunun bunun əksini düşündüyünə diqqət çəkib:
“Diaspor xaricdə kök salmış, imkanlı, fərqli sahələrdən gəlir əldə edən şəxslərdən ibarətdir. Onlar hesab edir ki, Qarabağ, Türkiyənin bir hissəsi onların tarixi torpaqlarıdır.
Düşünürlər ki, sülh istəmək olmaz, Qarabağı, Azərbaycanın digər ərazilərini, Gürcüstanın Cavaxeti bölgəsini, Türkiyənin yarısını işğal etməlidirlər. Onlarçün müharibənin nəticələrindən Ermənistandakı əhalinin əziyyət çəkdiyinin önəmi yoxdur.
Düşünürlər ki, “Böyük Ermənistan” ideyası üçün çox şeyi qurban verməyə dəyər. Əvvəllər Qarabağdakı ermənilərə müəyyən vəsait göndərirdilər, indi də Ermənistana maddi yardımlar göndərməklə işlərini bitmiş hesab edirlər”.
Son olaraq T.Rzayev vurğulayıb ki, yenidən Ermənistan – Azərbaycan müharibəsi olmasa, erməni diaspor təşkilatları və onun üzvləri fəaliyyətsiz qalacaqlar:
“Çünki onların əsas fəaliyyəti Azərbaycana, Türkiyəyə qarşı mübarizə aparmaqdır. Lobbiçiilik fəaliyyəti, ABŞ senatorlarının, konqresmenlərinin ələ alınması onların işidir. Münaqişə bitsə, lobbiçilik fəaliyyətlərinin mənası qalmayacaq. Öz təsir dairələrini, mövqelərini qorumaq üçün gərginliyin davam etməsində maraqlıdırlar. Xaricdəki ermənilərin bir çoxu türk düşmənçiliyini erməni xalqını birləşdirən bir dəyər olaraq görür. Onları birləşdirən digər bir dəyərsə kilsə idi, artıq onun da rolu azalır, çünki xaricdəkilər dindarlıqdan uzaqlaşıb, müasirləşiblər. Türk düşmənçiliyindənsə əl çəkmək istəmirlər”.
Törə Zeynallı Demokrat.az


