Astara rayonunda 1991-ci il təvəllüdlü Fəridə qayınanası Südabəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fəridə qayınanasına xəsarət yetirdiyi üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.
Bundan başqa, Fəridənin əri, 1991-ci il təvəllüdlü Seymur da eyni ittihamla mühakimə edilib.
Seymur isə arvadı Fəridəni döyməkdə təqsirli bilinib. Ər-arvadını barəsində olan inzibati iş ayrı-ayrı icraatlarda araşdırılıb. Onların barəsində olan iş Astara rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə təqsirli bilinən şəxs qismində ifadə verən Fəridə bildirib ki, 30 iyun 2023-cü ildə, saat 22.00-da Seymurun ona xəyanət etməsinə görə qaynanası Südabə ilə aralarında mübahisə baş verib:
“Məni əvvəl qaynanam ağacla vurdu, sonra isə ərim başımı divara vurdu, təpiklə ayaq və diz nahiyələrimə vuraraq, məni döydü. Mən də ağacla qaynanamı vurdum”.
İş üzrə zərərçəkmiş Südabə deyib ki, son vaxtlar gəlini ilə aralarında mübahisələr artıb.
Qeyd edib ki, aralarında yaranan gərginlik zamanı gəlini onu döyüb. Zərərçəkmişin ifadəsinə görə, o və oğlu gəlinini döyməyib.
Təqsirli bilinən Seymur qeyd edib ki, son vaxtlar arvadı ilə aralarında olan münasibətləri gərginləşib:
“Buna görəb aramızda tez-tez mübahisə baş verdi. Hadisə günü, saat 22.00-da anam mənə zəng etdi. Evə gələndə anam ilə arvadımın mübahisə etməsini gördüm. Ancaq mən arvadımı vurmadım”.
Astara rayon Məhkəməsinin qərarı ilə Seymur 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Digər təqsirli bilinən Fəridə isə 300 manat miqdarında cərimə olunub.
Fariz Məlikli Demokrat.az


