“Qarabağ məsələsi ətrafında baş verən son hadisələr bir daha onu göstərdi ki, bəzi beynəlxalq qurumlar ikili siyasətindən, riyakarlığından əl çəkməyib. Ermənilərin taleyindən narahat olan Qırmızı Xaç 4000-ə yaxın əsir azərbaycanlı haqqında niyə susur?! Xankəndiyə humanitar yardım adı altında qanunsuz mallar daşınır, amma qaçqın və məcburi köçkünlərimizə heç vaxt bir beynəlxalq qurum kimi kömək əlini uzatmayıb. II Qarabağ savaşından sonra indiyə kimi 200-dən çox vətəndaşımız mina qurbanı olub, amma onlarla bağlı heç bir beynəlxalq qurum məsələ qaldırmır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib.
O qeyd edib ki, sərhəd - buraxılış məntəqəsi qurmaq Azərbaycanın suveren hüququdur.
“Belə çox istəyirlərsə, qoy Fransa öz sərhədlərini açsın, Afrikanın şimalından mühacirlər keçsin onun ərazisinə. Avropanın qapıları miqrantların üzünə bağlıdır. Orada yoxdur sərhəd – buraxılış məntəqələri?! Və ya Amerika Birləşmiş Ştatları Meksika ilə sərhəddə niyə divar tikdi? Yaxşı haldırsa, açsın da sərhədini. Hər bir ölkənin təhlükəsizliyinin açar elementlərindən biri sərhədlərin mühafizəsidir. Sərbəst hərəkət azadlığı da müvafiq qanunvericilik çərçivəsində olmalıdır. O demək deyil ki, hər gələnə ölkənin qapısı taybatay açıq olmalıdır”.
Ə.Nuriyev əlavə edib ki, hər bir ölkə öz sərhəd toxunulmazlığını saxlamalıdır. Beynəlxalq hüquq da bunu deyir.
“Terror aktları ehtimalı qalır. Ermənilər ölkəmizdə bunu dəfələrlə ediblər. Bilirik ki, Qarabağda 10 mindən çox silahlı erməni quldur var. Onları bir sıra qüvvələr silahlandırmağa davam edir. Ermənistan xüsusi xidmət orqanları daim təxribat törətməyə çalışır. Onlar da, havadarları da son həftələrdə şərti sərhəddə bir sıra qanunsuz əməllərə cəhd etdilər. Suverenlik hüququmuzu kiminləsə bölüşməli deyilik. Hansı ölkə bunu edir?! Ermənistanın Azərbaycana qarşı işğalçı münasibəti bu gün də davam edir. Əgər Qarabağa hər il 400 milyon dollardan çox yardım edirsə, separatçılara dəstək verirsə, büdcələrini doldurursa, bu nə deməkdir?! İşğala zəmin yaratmaq deyilmi?! Cənubi Qafqazda sülhə əngəl olan ölkələr Ermənistan və onun havadarları – Rusiya ilə Fransadır”.
Törə Zeynallı Demokrat.az


