Gündəm Özəl

"Paşinyan etiraflarını rəsmi şəkildə imzalasa, sülhün 90 faizi əldə olunub" — ŞƏRH

Paşinyan etiraflarını rəsmi şəkildə imzalasa, sülhün 90 faizi əldə olunub — ŞƏRH

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib ki, Bakı və İrəvan sülh müqaviləsinin imzalanmasına hələ hazır deyil, çünki həllini gözləyən mürəkkəb məsələlər var.

XİN rəsmisi Qarabağın erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan qanunvericiliyi çərçivəsində təmin olunması məsələsinə toxunub. Bildirib ki, Rusiya sülh müqaviləsinin hazırlanması üçün aktiv şəkildə tərəflərə kömək edir.

Rusiya XİN rəsmisinin bu fikirlərini Demokrat.az-a açıqlamasında şərh edən politoloq Turab Rzayevin sözlərinə görə “Bakı sülh müqaviləsinə hazır deyil” cümləsi mövcud vəziyyəti əks etdirmir. Rəsmi Bakı buna hazırdır, hazır olmayan tərəf İrəvandır.

“Kiçik problemlər ola bilər, lakin əsas məsələ həll olunub. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın Azərbaycan topağı olduğunu tanıyır. Paşinyanın dilindən bu öz təsdiqini tapıb. Məsələ odur ki, Moskva özü Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəmir. Maksimum hər fürsətdən istifadə etməyə çalışır ki, hər iki dövlətə təzyiq göstərsin. Lazım olanda təxribat törətsin, hər iki tərəfdən itkilər olsun, bundan da siyasi təzyiq kimi istifadə etməklə müxalifətin əlinə bəhanə versin”.

Siyasi şərhçinin fikrincə, Rusiya Qarabağ münaqişənin həllində maraqlı olmadığını açıq şəkildə deyə bilmədiyi üçün bu cür fikirlər səsləndirir.

“Qarabağ ermənilərilə bağlı hüquqi məsələləri qabardır. Problemlər varsa, həll yolu ortaya qoysun, tərəflər də bunu müzakirə etsin. Rusiya niyə belə bir sülh imitasiyası edir? Çünki paralel gedən Brüssel prosesi var, bundan əlavə Vaşinqton prosesi var, hansı ki, orada sülhə çox yaxın idik. Paşinyan etiraflarını rəsmi şəkildə imzalasa, o deməkdir ki, sülhün 90 faizi əldə olunub. Rusiya bundan qorxur, Qərb ölkələrini sülh prosesini sabotaj etməkdə ittiham edir. Bu da bölgədə Qərbin təsirinin qarşısını almağa hesablanıb”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova