“Qarabağın erməni icması ilə görüşlər tez-tez, hətta Bakıda da keçirilməlidir. Ermənilər paytaxta gələrək müstəqilliyin Azərbaycana nə verdiyinin, Ermənistan işğalınınsa onları nə qədər geridə qoyduğunun şahidi olmalıdırlar”.
Bu sözləri ehtimal edilən Yevlax görüşü ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisinin deputatı Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, gec-tez Azərbaycan hökumətilə onun ərazisində yaşayan erməni icması arasında mütləq əlaqə qurulmalıdır.
“Uzun müddət Ermənistanın işğalı altında yaşayıblar. Artıq bundan sonra gedəcəkləri yolu müəyyən etməlidirlər. Azərbaycan dövləti dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlarının hüquqlarını təmin edir. Bu gün ölkədə sayları Qarabağın erməni icmasından çox olan ruslar, tatarlar, ləzgilər, talışlar yaşayır. Onların heç birinin haqqı tapdanmayıb”.
Deputat əlavə edib ki, Azərbaycanın daxili işlərinə heç bir dövlətin qarışmaq ixtiyarı yoxdur.
“Separatçı rejim bu gün Qarabağ ermənilərinin adından danışır, lakin hələ bilmək olmaz, bu onların fikirlərini əks etdirir, ya yox. Ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da ölkədə yaşamağın hüquqi yolları barədə düşünməlidirlər. Əks halda burada yaşaya bilməzlər.
Nəzərə almalıdırlar ki, Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti yerləşmə müddəti 2025-ci ilin noyabrında sona çatır. Üçtərəfli bəyanata görə tərəflərdən biri sazişin qüvvəsinin uzadılmasını istəmirsə, 6 ay bundan əvvəl məlumat verməlidir. Qarabağ erməniləri indidən öz taleləri ilə bağlı dəqiq qərara gəlməlidirlər”.
Törə Zeynallı Demokrat.az


