Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsi barədə sərsəm bəyanatlar səsləndirdi. Paşinyan bəyanatında qeyd edir ki, guya sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan Ermənistana qarşı ərazi iddiaları ilə çıxış edəcək. Bu bəyanat ilin sonuna qədər imzalanması nəzərdə tutulan sülh müqaviləsini baltalamaq və danışıqlar prosesini acı bağırsaq kimi uzatmaq niyyətindən xəbər verir.
Paşinyanın ardınca isə bənzər açıqlama Rusiyadan gəldi. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “Azərbaycanla Ermənistan arasında keyfiyyətli və lazımi hazırlıq bahasına tələsik sülh müqaviləsi bağlamaq cəhdi gələcəkdə yeni münaqişələrlə nəticələnəcək. Tələsik hazırlanmış, kobud sülh müqaviləsi bölgəyə davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul həllərin keyfiyyətli hazırlanmasına üstünlük verilməlidir” tipli açıqlama verib. Rusiya XİN rəsmisinin bu açıqlaması da Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi ilə bağlı Rusiyanın mövqeyini ifadə etmiş sayılır. Çünki diplomat açıq-aşkar olmasa da, dolayı yolla ilin sonuna qədər sülh müqaviləsi imzalanmasını düzgün saymadığını, yeni münaqişələrə start veriləcəyini qeyd edib.
Əslində Rusiyanın mövqeyi başadüşüləndir. Son dövrlər Nikol Paşinyanın Rusiyanı hədəf alması şimal qonşusundan nəsə qopartmağa hədəflənmiş siyasətdir. Rusiyanın da cavabı gecikmədi. Sülh müqaviləsinin gec imzalanması Rusiyanın geosiyasi maraqlarını təmin edir. Son dövrlər Azərbaycanın Qarabağ iqtisadi rayonuna müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlılarının 2025-ci ildə regiondan çıxarılması barədə fikirlərin dolaşması, bunun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən səsləndirilməsi də Rusiyanın nəzərindən yayınmayıb. Cənubi Qafqazdakı maraqlarını qorumağa çalışan Rusiya dərk edir ki, 2025-ci ildən sonra onun üçün Cənubi Qafqaz marağı deyə bir məhfum qalmayacaq. Artıq Qafqazın lider dövləti qalib Azərbaycandır və burada söz sahibi də, maraq sahibi də Azərbaycan olacaq. Beynəlxalq müqavilələr, dəhlizlər, enerji müqavilələri isə bu maraq sahibi Azərbaycanı regionun lider dövlətinə çevirə bilər. Belə bir hal isə Rusiyanın müəyyən dairələrində xoş qarşılanmayacaq. Bu səbəbdən də artıq siyasi dairələr hərəkətə keçir, sülh müqaviləsinin mümkün qədər gec imzalanmasını təmin etməyə çalışırlar.
Rusiyadan fərqli olaraq isə deyəsən, Qərb tələsir. Çünki Qərbin müəyyən dairələri yaxın vaxtlarda sülh müqaviləsinin imzalanması məsələsinə müsbət yanaşır, bu barədə müxtəlif açıqlamalar verirlər. Qərbin də marağı başadüşüləndir. Sülh müqaviləsinin imzalanması, münaqişənin tam başa çatması Rusiyanın regiondan çəkilməsi deməkdir. Bu, Qərbin geosiyasi maraqlarına uyğundur. Eyni zamanda çəkilən və planlaşdırılan logistik mərkəzlər, dəhlizlər, nəhəng enerji müqavilələri də Qərbin iqtisadi maraqlarını təmin edəcək.
İndi son söz Azərbaycan və Ermənistanındır. Azərbaycanın mövqeyi bəllidir, dəyişməzdir. Dəfələrlə rəsmi qurumlar və ölkə başçısı tərəfindən səsləndirilən bəyanat eynidir:
“Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur, sülh müqaviləsinin imzalanması regionun inkişafına təkan verəcək”.
Azərbaycandan fərqli olaraq isə erməni rəsmilərinin və Nikol Paşinyanın mövqeyi yaz küləyi kimi tez-tez dəyişir. Bir neçə gün əvvəl sülh müqaviləsi ilə bağlı müsbət siqnallar verən Paşinyan dünən nala-mıxa vurdu. Görünür, dəmir yumruğun dadını unudub. Unutmaq lazım deyil ki, Azərbaycanın da səbr kasası dolmaq üzrədir və dəmir yumruq hər zaman hazır vəziyyətdədir...

Hikmət Həsənov Araşdırmaçı jurnalist


